1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycanda daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxardı ki, bu da Füzuli şəhəri və rayonun böyük hissəsinin 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəticələndi.
5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olundu. Ümumilli lider Heydər Əliyevin əmri ilə başlanmış hərbi əməliyyatlar Azərbaycan xalqının və ordusunun qələbəsi ilə bitdi.
Bu tarixi qələbənin davamı olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın erməni işağlından azad edilən torpaqlara etdikləri səfərlərin hər birində erməni faşizminin bu torpaqlarda törətdiyi vəhşiliklər, vandalizm aktları bütün dünyaya nümayiş etdirildi. Səfər etdiyi rayonların hər birini addım-addım dolaşan Ölkə başçısı cənab İlham Əliyev dağıdılan məscidlərə, maddi mədəniyyət abidələrinə, sosial obyektlərə, infrastruktura diqqət çəkərək son 30 il ərzində Ermənistanın tarixi torpaqlarımızda hansı miqyasda vəhşiliklər törətdiyini əyani surətdə bütün dünyaya göstərdi.
Bütün bunlara baxmayaraq, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən dərhal sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dədə-baba torpaqlarımızda abadlıq-quruculuq işlərinə başlanıldı. İşğaldan azad edilmiş torpaqlarımızda sürətli inkişaf dinamikası təmin edildi. Ölkə başçısının mütəmadi olaraq Qarabağa səfərləri, orada gedən bərpa, tikinti-quruculuq işləri ilə tanışlığı zamanı verdiyi tapşırıq və tövsiyələri ilə aparılan genişmiqyaslı abadlıq işləri artıq dədə-baba torpaqlarımızın yeni bir tarixi mərhələyə qədəm qoyduğu və sakinlərini qarşılamağa hazır vəziyyətə gətirildiyindən xəbər verir.
Ölkə başçısı cari ilin sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin qarşısında çıxışı zamanı bildirmişdir: “Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.”
İşğaldan azad edilmiş torpaqlarımızın bərpası istiqamətində həyata keçirilən kompleks abadlıq-quruculuq işləri çərçivəsində uzun müddət işğal altında qalan Füzuli şəhəri də yenidən qurulur və bərpa olunur. Burada 2021-ci ildə inşasına başlanmış Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən hava limanlarından biridir. Hava Limanı beynəlxalq standartlara uyğun olaraq qurulan və beynəlxalq uçuşları həyata keçirəcək hava limanıdır. Eyni zamanda burada ən müasir tələblərə cavab verən Füzuli Rayon Mərkəzi Xəstəxanasının, Füzuli şəhər Peşə Liseyinin təməlinin qoyulması, həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə inşa olunan ikinci ağıllı kəndin məhz Füzuli şəhərinin yaxınlığında yerləşən Dövlətyarlı kəndində salınması aparılan islahatlarının uğurla və məqsədyönlü şəkildə davam etdirildiyini təsdiqləyir.
Beləliklə, qısa müddətdə bu ərazilərdə infrastrukturun bərpası istiqamətində görülən işlər nəticəsində yüz minlərlə məcburi köçkün 30 ildən sonra öz doğma torpaqlarına qayıdır və işğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyat verir.
Könül Pirverdiyeva,
ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru