Logo

BANM-də "Təhsil müəssisələrində risklər və onların idarə olunması" mövzusunda təlim keçirilib

29.09.2022 10:26 298 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) risklərin idarə edilməsi üzrə böyük mühəndisi Elvin Kazımlının "Təhsil müəssisələrində risklər və onların idarə olunması" mövzusunda Ali Məktəbin əməkdaşları üçün təqdimatı olub.

Tehsil.biz xəbər verir ki, əvvəlcə rektor Elmar Qasımov Neftçilər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” imzaladığı Sərəncama əsasən Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif olunan Bakı Ali Neft Məktəbinin müəllimi, Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakovu təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Rektor eyni zamanda SOCAR-ın prezidenti Rövşən Nəcəfin əmrinə əsasən, əmək fəaliyyətində fərqləndiklərinə görə "Fəxri neftçi" döş nişanı ilə təltif edilən BANM-in İqtisadiyyat və uçot şöbəsinin baş mühasibinin müavini Natiq Qurbanov və Fəxri fərmanla  təltif olunan İngilis dili və humanitar fənlər  mərkəzinin baş müəllimi Nurlana İmanovaya mükafatlarını təqdim edib. Ali Məktəbin əməkdaşlarını təbrik edən Elmar Qasımov onlara uğurlar arzulayıb.

BANM-in rektoru daha sonra "Təhsil müəssisələrində risklər və onların idarə olunması" mövzusunda keçirilən təqdimatla bağlı fikirlərini bildirib. O qeyd edib ki, Bakı Ali Neft Məktəbi keyfiyyətli təhsil verən, yüksək səviyyədə kadr hazırlığı həyata keçirən ali təhsil müəssisəsidir:

"Biz xalqın etimadını qazanmış Ali Məktəbik. Bu bir ali məktəb üçün qürurverici haldır. Lakin biz yüksək səviyyəli nüfuzumuzu, bizə olan inamı qoruyub saxlamalıyıq. Biz müasir dövrdə proseslərin sürətlə inkişaf etdiyi və rəqabət mühitində yaşayırıq. Təbii ki, qlobal dünyada gedən proseslər fonunda risklər əmələ gəlir. Artıq rəqabətə davam gətirmək üçün risklər daim qiymətləndirilməli, onun idarəedilməsi üçün müvafiq addımlar atılmalıdır. BANM-də də  risklərin qarşısını almaq üçün daim strateji addımlar atılır. Bu baxımdan bugünkü təlimin faydalı olacağına inanıram”.

Risklərin idarə edilməsi üzrə böyük mühəndis Elvin Kazımlı təqdimatında təhsil müəssisələri üçün əsas risklər və onların qarşısının alınması metodlarından danışıb. Bildirilib ki, müasir dünyada hər bir qurumun müəyyən riskləri formalaşır. Bu risklər adətən maliyyə riskləri kimi qiymətləndirilsə də, qeyri-müəyyən risklər də hər zaman diqqət mərkəzində olmalıdır. Təqdimat interaktiv formada davam edib.

Tədbirdə iştirak edən SOCAR-ın Baş ofisinin risklərin idarəolunması şöbəsinin rəisi Ramil Heydərov risklərin idarəedilməsində çevikliyin vacibliyindən bəhs edərək qeyd edib ki, bu sahədə uğur qazanmağın əsası kollektiv olaraq birgə fəaliyyət göstərməkdir. O, BANM-də bunun gözəl nümunəsinin yaradıldığını vurğulayıb.

Xəbər lenti