Peşə Təhsili üzrə Dövlət Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq peşə təhsili müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün növbəti “Təqaüd proqramı” layihəsinin icrasına başlanılır.
Tehsil.biz xəbər verir ki, dağ-mədən sahəsində ixtisaslı kadr hazırlığına dəstək məqsədilə təsis edilən təqaüd Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq. Müsabiqədə tam orta təhsil bazasından sözügedən peşə təhsil müəssisəsinə qəbul olunan və 2022-2023-cü tədris ili üzrə “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru”, “Mexaniki yığma işləri üzrə çilingər”, “Torna və frezer dəzgahların operatoru”, “Kimyəvi analiz laborantı”, “Çilingər-santexnik”, “Elektrik qaz qaynaqçısı”, “Dağ mədən işləri üzrə mütəxəssis” ixtisasları üzrə təhsil alan tələbələr iştirak edəcəklər.
Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə zamanı müvafiq olaraq ən yüksək nəticə göstərəcək 10 namizəd qalib qismində elan olunacaq. Müsabiqəni uğurla keçmiş tələbələr müvafiq təltifnamə və hər tələbə üçün 9 ay müddətində hər ay 200 AZN olmaqla təsis edilmiş təqaüd əldə edəcəklər. Tələbələr, həmçinin “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə karyeralarını dağ-mədən sənayesində qurmaq imkanını da əldə edəcəklər.
Xatırladaq ki, peşə təhsili müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün ilk “Təqaüd proqramı” layihəsi ötən il uğurla icra edilib. Həmçinin, proqramı müvəffəqiyyətlə başa vurmuş 17 tələbədən 4 nəfəri “AzerGold” QSC-də işlə təmin edilib.
Qeyd edək ki, “AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlığın hüquqi bazasını 19 may 2020-ci il tarixində qurumlar arasında qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində birgə fəaliyyətlə bağlı imzalanmış Anlaşma Memorandumu təşkil edir.