Logo

UNEC ilə Dövlət Xidməti arasında memorandum imzalanıb

29.09.2022 17:58 113 baxış
IMG

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, görüşdə UNEC-in rektoru professor Ədalət Muradov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, universitetin və dövlət xidmətinin struktur rəhbərləri, tələbələr iştirak ediblər.

Rektor Ədalət Muradov UNEC məzunlarının əmək bazarında rəqabət üstünlüklərinin təmin edilməsi məqsədilə tələbələrin yumşaq və sərt bacarıqlarının formalaşdırılması, xarici dil və İT biliklərinin yüksəldilməsi, eləcə də fərdi təhsil trayektoriyasının tədrisi istiqamətində həyata keçirilən yeniliklərdən danışıb. UNEC-də müxtəlif sahələr üzrə elmi-tədqiqat mərkəzlərinin yaradıldığını vurğulayan rektor, Dövlət Xidmətinin fəaliyyət istiqamətinə uyğun elmi tədqiqatların aparılmasının hər iki tərəf üçün faydalı olacağını bildirib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli UNEC-də tətbiq olunan yenilikləri yüksək qiymətləndirərək, əmək bazarında biliklə yanaşı, bacarıqlı gənclərə böyük ehtiyacın olduğunu bildirib. M.Abbasbəyli paradiqmaların dəyişməsinin zəruriliyindən danışaraq, universitet və iş dünyası arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Sonda UNEC ilə Dövlət Xidməti arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub və memorandumu imzalanıb.

Memoranduma əsasən tərəflər arasında müvafiq sahələr üzrə tədqiqatların aparılması, dövlət satınalmalarına dair birgə təlimlərin keçirilməsi, tələbələrinin istehsalat təcrübəsi və yay təcrübə proqramlarında iştirakının təmin edilməsi, təhsil və texnologiya sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, birgə layihə və tədqiqatların, konfransaların, təlim və seminarların aparılması və s. nəzərdə tutulub.

 

Xəbər lenti