Logo

BDU-da Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş Beynəlxalq konfransın açılışı olub - FOTOLAR

29.09.2022 18:37 183 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfransın açılışı olub.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, akademik Rəfiqə Əliyeva ölkəmizdə kimya elminin inkişafına böyük töhfələr verib. Rəfiqə Əliyevanın dünyanın nüfuzlu elmi jurnallarında dərc olunmuş məqalələri, fundamental monoqrafiyaları, mühüm elmi nəticələri kimya elmi sahəsində ölkəmizin adının tanıdılmasında müstəsna rol oynayıb. Rəfiqə xanım Əliyeva eyni zamanda onu tanıyanların yaddaşına vətənpərvər ziyalı, ölkənin ictimai həyatında fəal iştirak edən, cəsarətli mövqeyi, xeyirxahlıq missiyası ilə seçilən parlaq bir şəxsiyyət kimi həkk olunub: “Akademik Rəfiqə Əliyeva ziyalılığı, kübarlığı, müdrikliyi, xalqına və Vətəninə bağlılığı, dövlətinə sədaqəti ilə onu tanıyanların hər biri üçün insanlıq nümunəsidir”.

Rektor qeyd edib ki, akademik Rəfiqə Əliyeva uzun illər ölkəmizdə kimya sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb, onun rəhbərliyi ilə 2 doktorluq və 20 namizədlik dissertasiyası müdafiə edilib. Akademik Rəfiqə Əliyeva 2 monoqrafiya, 33 dərslik və dərs vəsaitinin, 20 patentin və 520-dən çox məqalənin müəllifidir. Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş 2 cildlik “Analitik kimyanın əsasları” və “Analitik kimyadan məsələ və suallar” kitabları məhz akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə Azərbaycan dilinə tərcümə edilib. Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasında müxtəlif illərdə ətraf mühitin çirklənməsi qiymətləndirilib, zərərli və ağır metalların qatılaşdırılaraq ayrılmasının yeni, ucuz və iqtisadi cəhətdən əlverişli metodikaları işlənilib hazırlanıb. Akademik Rəfiqə Əliyevanın səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti  dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib.  Alim 2000-ci ildə Əməkdar elm xadimi adına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. Eyni zamanda görkəmli alim akademik “Yusif Məmmədəliyev adına” mükafata layiq görülüb. 2003-2004-cü tədris ilində akademik Rəfiqə Əliyeva Elm və Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunub, O, 2005-ci ildə BDU-nun təsis etdiyi “İlin alimi” fəxri adına layiq görülüb. Alimin müəllifi olduğu “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Həsən Əliyev adına” mükafata layiq bilinib. Akademik Rəfiqə Əliyeva yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı kimi hər zaman insanlara  yaxşılıqlar edib. Xeyirxah, nəcib əməllərin sahibi olub. Bütün bu keyfiyyətlər ilk növbədə Rəfiqə Əliyevanın mənsub olduğu ailədən, soy-kökdən irəli gəlir. Akademik Rəfiqə Əliyevanın əziz və unudulmaz xatirəsi öz taleyini bağladığı və inkişafına böyük töhfələr verdiyi Bakı Dövlət Universitetində həmişə hörmətlə və ehtiramla yad edilir. Görkəmli alimin elmi məktəbi onun davamçıları tərəfindən daha da inkişaf etdiriləcək.

Rəfiqə Əliyevanın qızı, BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva Rəfiqə Əliyevanın əsl pedaqoq, elm fədaisi, gözəl ana, mübariz vətəndaş olduğunu bildirib. Qeyd edib ki, ömrünün 60 ilini Bakı Dövlət Universitetinə həsr edən Rəfiqə Əliyeva bütün tələbələrinin sevimli müəllimi olub: “Akademik Rəfiqə Əliyeva analitik kimya elmində böyük məktəb yaradıb. Hazırda onun tələbələri Azərbaycanda və bir çox ölkələrdə uğurla çalışırlar. Rəfiqə Əliyeva qürurlu, məğrur, prinsipial bir şəxsiyyət idi. Rəfiqə Əliyeva Ümummilli liderimiz Heydər Əliyevin bacısı və silahdaşı kimi bu adı şərəflə daşıyırdı. O, Azərbaycanda ekoloji kimya elminin təməlini qoyan və inkişaf etdirən böyük alimdir. Mən fəxr edirəm ki, anamın yolunu davam etdirirəm”.

Daha sonra türk dünyasının fəxri, dünya şöhrətli alim, Nobel mükafatçısı Əziz Səncərin konfrans iştirakçılarına təbrik məktubu oxunub.

Baş nazirin müavini Əli Əhmədov çıxışında akademik Rəfiqə Əliyevanın Universitet alimləri arasında böyük nüfuza malik olduğunu xatırladıb. Bildirib ki, akademik Rəfiqə Əliyeva Azərbaycan elminin, təhsilinin, BDU-nun inkişafında misilsiz xidmətlərə malikdir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov akademik Rəfiqə Əliyevanın zəngin bioqrafiyasına diqqət çəkərək, onun böyük alim, zəngin intellekt sahibi və tələbkar insan olduğunu qeyd edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə akademik Rəfiqə Əliyevanın nümunəvi alim, pedaqoq, ana olduğunu, Azərbaycan elminin, təhsilinin inkişafına böyük töhfələr verdiyini bildirib. O vurğulayıb ki, ümumtəhsil məktəblərinin  “Kimya” dərsliklərində akademik Rəfiqə Əliyevanın tədqiqatlarına dair xüsusi mövzular salınıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə diqqətə çatdırıb ki, akademik Rəfiqə Əliyevanın neft-qazla çirklənmiş ərazilərin ekologiyasının qorunmasında böyük xidmətləri var: “Rəfiqə Əliyeva neft emalı zavodlarında müasir laboratoriyaların qurulması zamanı çox ciddi ekoloji tələblər qoyurdu. Azərbaycanın neft kimya, qaz kimya sənayelərinin inkişafında Rəfiqə Əliyevanın töhfələri böyükdür”.

Sonra “Sağlamlıq və Ekologiya” Beynəlxalq Elmlər Akademiyasının prezidenti akademik Valter Koflerin BDU-nun rektoru Elçin Babayevə təbrik məktubu səsləndirilib.

Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova akademik Rəfiqə Əliyevanın görkəmli alim, pedaqoq, nümunəvi ana olmaqla yanaşı, hər zaman ictimai-siyasi proseslərin önündə olduğunu vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının qurucularından, Ümummilli liderimiz Heydər Əliyevin ən yaxın silahdaşlarından biri idi. Rəfiqə Əliyeva müasir Azərbaycan qadın hərəkatının öncül simalarından biri kimi tanınır.

ISESCO Baş katibinin elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif isə akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş konfransın kimya elminin inkişafına böyük töhfələr verəcəyinə əminliyini bildirib. Qeyd edib ki, ISESCO ilə BDU-nun çox uğurlu əməkdaşlığı var. O, konfransda iştirakdan məmnunluğunu qeyd edib.

Professor Dilarə Seyidzadə isə akademik Rəfiqə Əliyeva ilə bağlı xatirələrini bölüşüb, onun dəyərli alim, elm fədaisi olmaqla yanaşı, xeyirxah qəlbə sahib gözəl ailə sahibi, əsl dost olduğunu diqqətə çatdırıb.

Akademik Rəfiqə Əliyevanın qızı, dosent, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova beynəlxalq konfransın təşkilinə görə minnətdarlığını bildirib. O, Rəfiqə Əliyevanın hər zaman ailəsinin qürur mənbəyi, tələbələrinin sevimlisi olduğunu vurğulayıb: “Rəfiqə Əliyeva nəcib, humanist ruha malik şəxsiyyət idi. Onun xatirəsi xalqımızın, tələbələrinin qəlbində əbədi yaşayacaq”.

Qeyd edək ki, iki gün davam edəcək konfransın təşkilində əsas məqsəd müasir kimyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, əldə edilmiş ən mühüm nəticələri müzakirə etmək, yeni prioritet istiqamətləri müəyyənləşdirmək, bu sahədə elmi nailiyyətləri və təcrübələri paylaşmaq, habelə, əldə edilən nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını tapmaq və gənclərin elmə olan marağını artırmaqdır.

Türkiyə, Pakistan,  Almaniya,  Ukrayna, Böyük Britaniya, Belçika, Portuqaliya, Litva, Çin, Hindistan, Vyetnam, Polşa, Özbəkistan, Rusiya, Qazaxıstan, Gürcüstan kimi xarici ölkələrdən, ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçiriləcək konfransda analitik kimya, ekoloji kimya və ətraf mühitin mühafizəsi, kimyanın tədrisi metodikası, perspektivli materialların sintezi, fiziki kimya və qeyri-üzvi materialşünaslıq kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Konfransda müxtəlif ölkələrdən olan dəvətli məruzəçilərin bu sahənin problemləri və alınmış ən son nəticələr üzrə məruzələri də dinləniləcək.

Xəbər lenti