Logo

Kolleclərin boş qalan plan yerləri üzrə 700-ə yaxın ərizə təsdiq edilib

30.09.2022 10:19 398 baxış
IMG

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə ixtisas seçimi oktyabrın 2-dək aparılacaq.

Tehsil.biz Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 10:10-dək olan məlumata görə, 669 ərizə (Azərbaycan bölməsi – 644, rus bölməsi - 25) təsdiq edilib. Bildirilib ki, kolleclərin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılır. Xoreoqrafiya sənəti (sahələr üzrə) və rəqs müəllimliyi ixtisaslarının müsabiqəsində isə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

İxtisas seçimi internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent kolleclərin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

Xəbər lenti