Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə keçirilən müsahibə mərhələsinin apellyasiya prosesi başlayıb.
Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müsahibə nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apellyasiya Komissiyası yaradılıb. Komissiya sentyabrın 30-dan oktyabrın 4-dək fəaliyyət göstərəcək.
Namizədlər nəticələrlə bağlı iradlarını (ətraflı şəkildə təsvir etməklə) ad, soyad, şəxsiyyət vəsiqəsinin FİN kodu, əlaqə nömrəsini qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub. Müsabiqənin test imtahanı mərhələsində 192 nəfər direktor, 131 nəfər isə direktor müavini vakant vəzifələri uğrunda mübarizə aparıb. Onlardan 58 nəfəri direktor, 43 nəfəri isə direktor müavini vakant vəzifələri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Xatırladaq ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.