Sentyabrın 29-da Mexiko şəhərində davam edən "Mondiacult 2022" konfransı çərçivəsində mədəniyyət naziri Anar Kərimov "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusuna həsr olunmuş sessiyada çıxış edib.
Tehsil.biz xəbər verir ki, nazir çıxışında tədbir iştirakçılarının diqqətini Azərbaycanın 30 ilə yaxın dövr ərzində erməni işğalı altında olmuş ərazilərində Ermənistan tərəfindən törədilmiş etnik-mədəni soyqırıma yönəldib. İşğal dövründə Azərbaycanın mədəni irsinə qarşı misli görünməmiş sistemli və məqsədyönlü əməllər nəticəsində çox sayda məscidlər, tarixi abidələr, müxtəlif mədəniyyət müəssisələrinin tamamilə dağıdıldığı qeyd edilib. Həmçinin ölkəmizin tarixi-mədəni irsinə qarşı bu soyqırım əməllərinin beynəlxalq təşkilatlar tərəfindən sükutla qarşılandığı təəssüflə qeyd edilib. Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra genişmiqyaslı bərpa işlərinə başladığına diqqət çəkilib, bu kontekstdə mədəni irsin bərpasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Nazir bu baxımdan Azərbaycan ərazisində yerləşən mədəni irsin ölkəmizin mədəni müxtəlifliyini əks etdirdiyini bildirmiş və işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi çərçivəsində mənşəyindən asılı olmayaraq bütün mədəni və dini abidələrin qorunması və bərpasının vacibliyini ifadə edib. A.Kərimov həmçinin tezliklə işğaldan azad edilmiş ərazilərimizə texniki missiya göndərməklə bağlı UNESCO-ya çağırış ünvanlayıb. Çıxışda qeyd olunanlarla yanaşı, ölkəmizin yeni təşəbbüsü olan "Mədəniyyət naminə sülh" qlobal çağırışına dair məlumat verilib, bu təşəbbüsün 2008-ci ildən Azərbaycan tərəfindən irəli sürülüb, mədəniyyətlərarası dialoqu təşviq edən Bakı prosesinin əlavə ölçüsü olduğu bildirilib.
Sözügedən qlobal çağırışın dayanıqlı sülhün mədəniyyətə töhfəsinə vurğu etməklə, dünyanın müxtəlif bölgələrində mövcud post-münaqişə vəziyyətlərində sülhün təşviqi modeli kimi tətbiq edilə biləcəyinə istinad edilib.
Sessiya zamanı nazir A.Kərimov həmçinin ölkəmizin Qoşulmama Hərəkatının (QH) sədri qismində QH ölkələri adından bəyanat da səsləndirib. Bəyanatda QH ölkələri irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlüyün bütün formalarını pisləyir, mədəni mülkiyyətin qorunması üçün milli, regional və beynəlxalq təşəbbüslərin əhəmiyyətini qeyd edir.