Logo

Göyçay Uşaq Musiqi Məktəbində qanunsuzluqlar aşkarlanıb

30.09.2022 16:02 361 baxış
IMG

Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbində kollektivin yeni direktora qarşı aksiyasını məktəbin köhnə rəhbərliyi təşkil edib.

Tehsil.biz xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb

Qeyd olunub ki, nazirliyin tabeliyində fəaliyyət göstərən Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin direktor müavini və bəzi müəllimlərinin yeni direktor təyinatına qarşı itaətsizlikləri və etirazları nəticəsində məktəbdə yaranan vəziyyətlə bağlı mediada yayımlanan məlumatlarla əlaqədar və məktəbin ümumi fəaliyyətinə dair nazirlik tərəfindən xidməti araşdırma aparılıb.

Araşdırma nəticəsində müəyyən olunub ki, məktəb rəhbərliyinin, həmçinin bəzi müəllimlərin təşkilatçılığı və iştirakı ilə ictimai qaydanı kobud surətdə pozan, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının azalmasına, müəssisənin normal iş fəaliyyətinin iflic edilməsinə səbəb olan hərəkətlərə yol verilib, bunun nəticəsində təhsil müəssisəsində sağlam işgüzar mühit korlanıb. Eyni zamanda, məktəbdə tədrisin təşkili ilə bağlı ciddi nöqsanların olması, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 7-ci maddəsinin tələblərinin pozularaq vəzifəli şəxslərin yaxın qohumlarının birgə işləməsinə yol verilməsi, məktəbin fəaliyyətində dövlət vəsaitinin israf edilməsi halları, korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verildiyi barədə məlumatlar aşkar olunub.

“Sentyabrın 1-də məktəbdə baş verən hadisənin iştirakçıları olan müəllimlərin əksəriyyəti məktəb rəhbərliyinin qohumları olmaqla sabiq direktor Rövşən Zamanovun bacısı, bacısının həyat yoldaşı, bacısının qızı, bibisi nəvəsi və tədris işləri üzrə direktor müavini Afət Məmmədovanın qudası, qardaşının həyat yoldaşı, qızının əri, qızının ərinin qardaşı və digər qohumlarından ibarətdir.

Bildiririk ki, qeyd olunan hallarla bağlı qanunvericiliyə uyğun olaraq hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur. Eyni zamanda, hazırda məktəbdə sağlam işgüzar mühitin yaradılması, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının bərpa olunması, müəssisənin normal iş fəaliyyətinin təşkil olunması istiqamətində zəruri tədbirlər görülməkdədir”, - Mədəniyyət Nazirliyindən qeyd olunub.

Xəbər lenti