Logo

Azərbaycanda fəaliyyət göstərən dini icmalar Şuşaya səfər ediblər - FOTO

30.09.2022 17:14 121 baxış
IMG

Sentyabrın 30-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaları Şuşaya səfər ediblər.

Tehsil.biz xəbər verir ki, səfərdə “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostal Prefekturası”, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası,  Bakı Dağ yəhudiləri,  Avropa Yəhudiləri, “Azərbaycan Bibliya Cəmiyyəti”, “Yeddinci Günün Adventistləri”, “Xilaskar Yevangelik-Lüteranlar”, “Bakı şəhəri Yeni Apostol”, Yevangelist Məsihi Baptistlərinin “Aqape”, “Həyatverici lütf”, “Alov”, “Vineyard”, “Krişna Şüuru” və “Bəhai” dini qurumları, o cümlədən bir neçə müsəlman icması iştirak edib.

Din xadimləri Yuxarı Gövhər ağa məscidi və Qazançı kilsəsini ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi anılıb, onlara Allahdan rəhmət dilənib, ruhlarına dualar oxunub. Daha sonra iştirakçılara Şuşada yeni məscidin inşası, dini ibadətgahların tarixi, məruz qaldıqları dağıntılar və aparılan təmir-bərpa işləri barədə məlumat verilib.

Səfərdə iştirak edən “Latviya New generation” kilsəsinin yaradıcısı Aleksey Ledyayev Azərbaycanın mədəniyyət paytaxtı ilə tanış olub, işğal dövründə tarixi-dini, mədəni abidələrə qarşı törədilən erməni vandalizminin miqyasından təəssüf hissi keçirdiyini bildirib.

Qarabağa səfər çərçivəsində ermənilər tərəfindən törədilən dağıntıları, vandalizm aktlarını öz gözləri ilə görən din xadimləri Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın tarixi görkəminin bərpa edilməsini, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən erməni vandalizminin, saxtakarlığının böyük yara vurduğu dini ibadətgahların yenidən həyata qaytarılmasını yüksək dəyərləndiriblər. “Böyük qayıdış” çərçivəsində Qazançı kilsəsinin də tarixi sənədlər, arxiv materialları əsasında ilkin bədii-estetik görkəminə uyğun olaraq bərpa edilməsini multikultural dəyərlərə verilən önəmin bariz göstəricisi olaraq xüsusi vurğulayıblar.

Şuşa səfəri Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarətlə yekunlaşıb.

Xəbər lenti