Logo

Anadolu Universitetinin Azərbaycan proqramlarının yeni tədris ilinin açılış mərasimi keçirilib

30.09.2022 18:07 219 baxış
IMG

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) distant təhsil sahəsində əməkdaşlıq etdiyi Türkiyənin Anadolu Universitetinin Azərbaycan proqramlarının 2022-2023-cü tədris ilinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Mərasimdə iştirak edən Anadolu Universiteti Azərbaycan proqramlarının koordinatoru Azər Hətəmov, Anadolu Universitetinin rektoru Fuad Erdal, müşaviri Cemal Şahin, ATİB sədri Cemal Yanqın bu il universitetə qəbul olan tələbələri təbrik edib, onlara uğurlar diləyiblər.

Çıxışlarda distant təhsildə Anadolu Universitetinin 40 illik təcrübəsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, yaxın vaxtlarda Qarabağda Anadolu Universitetinin filialının açılması planlaşdırılır.

Daha sonra universitetin tanıtım çarxı nümayiş olunub.

Tədbirin sonunda birinci kurs tələbələrinə tələbə biletləri, məzunlara isə diplomları təqdim edilib.

Xəbər lenti