Logo

Məqalə müsabiqəsi: Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir

01.10.2022 18:55 309 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin “Şuşa İli”nə və 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika müsabiqəsinə məqalə qəbulu oktyabrın 10-dək davam edəcək.

Bu barədə Tehsil.biz-ə universitetdən məlumat verilib.
Məqalə müsabiqəsinin əsas istiqamətləri “Şuşa şəhərinin sosial-iqtisadi dirçəldilməsinə nəzəri-metodoloji yanaşmalar və konseptual baxışlar”, “Şuşa şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri”, “Şuşanın resurs potensialının təhlili və qiymətləndirilməsi”, “Şuşada mədəniyyət iqtisadiyyatının inkişaf etdirilməsi yolları”, “Şuşa şəhərinin dirçəldilməsinin Azərbaycanın tərəqqisinin yeni zirvəyə qaldırılmasında strateji əhəmiyyəti” mövzularını əhatə edir.

Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistr və tələbələrinin Şuşa şəhərinin sosial-iqtisadi potensialının öyrənilməsi, bu potensialın təhlili, qiymətləndirilməsi, inkişaf etdirilməsi və Şuşa şəhərinin dirçəldilməsi perspektivlərinin öyrənilməsi ilə bağlı tədqiqatların aparılmasının təşviq edilməsi və onların müsabiqə əsasında mükafatlandırılmasıdır.
Mükafatlandırma professor-müəllim heyəti və doktorant, magistrant və tələbələr üçün ayrıca nəzərdə tutulur. Professor-müəllim heyəti üçün I yerə 500 manat, II yerə 300 manat, III yerə 200 manat veriləcək. Doktorant, magistrant və tələbələr üçün isə I yerə 300 manat, II yerə 200 manat, III yerə 100 manat veriləcək. Hər iki heyət üzrə ilk 10-luğa düşən məqalələrə sertifikat veriləcək.

Komissiya tərəfindən seçilən məqalələr toplu şəkildə elektron kitab formatında hazırlanacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər məqalələrini [email protected]  elektron ünvanına göndərməlidirlər. Məqalələr Azərbaycan, türk, ingilis və rus dillərində təqdim edilə bilər.
Məqalə müsabiqənin nəticələri noyabrın 1-də elan ediləcək. Mükafatlandırma tədbiri noyabrın 7-də keçiriləcək.

Xəbər lenti