Tehsil.biz Xəzər Universitetinin üçüncü kurs tələbəsi Əli Ələkbərovun şeirlərini təqdim edir.
Niyə utanmır?
Dünyada çox insan vermir borcunu,
Çəkdirir zilləti,niye utanmır?
Yalan sözləriylə dolur xurcunu,
Aldadır milləti,niyə utanmır?
Bəzisi həyatda yaşayır paşa,
İşi heç ras gəlmir qayaya,daşa,
İncidir kasıbı,salır təlaşa,
Bacarmır hörməti,niyə utanmır?
Tox acı incidir,verir əziyyət,
Bu fani cahanda pisdi vəziyyət,
Keyfiyyət azalıb,artïb kəmiyyət
Çəkmirsə zəhməti,niyə utanmır?
Adam var pul üçün hər şeyi edir,
Adam var pul üçün hər yola gedir,
Bu dərdlər qəlbimi dağıdır,didir,
İtibsə isməti,niyə utanmır?
Əli,belə həyat çirkabdır bütün,
Borc tapıb çəkirsə,siqaret,tütün,
Abırsız bir insan hər şeydən üstün
Tutursa şəhvəti,niyə utanmır?
15. 01. 2021
Darıxma gözəl
Keçmişi düşünüb yenə ağlama,
Mənimçün darıxsan, darıxma gözəl.
Yaralı qəlbimi birdə dağlama,
Mənimçün darıxsan, darıxma gözəl
Mənsiz bu kainat başına dardır,
Səninçün gözləmək dərtdir-qubardır,
Bilirdim bu eşqdə ayrılıq vardır,
Mənimçün darıxsan, darıxma gözəl.
Məhəbbətin qorxusu var canında,
Gecə-gündüz dövr eliyir qanında,
Özgəni sev mən olmasam yanında,
Mənimçün darıxsan, darıxma gözəl.
Əlinin sözləri getməsin boşa,
Mən ölüm ey gözəl təki sən yaşa,
Arayıb sən məni rast gəlsən daşa,
Mənimçün darıxsan, darıxma gözəl,
06. 03. 2021