Logo

BDU-nun Filologiya fakültəsində “Əvvəl mənəviyyat, sonra elm” mövzusunda elmi seminar keçirilib

02.10.2022 23:28 395 baxış
IMG

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının təşəbbüsü ilə “Əvvəl mənəviyyat, sonra elm” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Mətanət Abdullayeva mövzu ilə bağlı çox maraqlı və geniş məlumat verib, bu sahə üzrə dünyada və ölkəmizdə tanınan humanist pedaqogika alimlərinin tədqiqatları və düşüncələri ilə seminar iştirkaçılarını tanış edib. Məruzəçi görkəmli elm xadimlərinin, filosofların, pedaqoqların və tanınmış söz ustalarının fikirlərini müqayisəli şəkildə şərh edib, xüsusilə onların müasir dövrümüz üçün əhəmiyyətini diqqətə çatdırıb.

Təqdim olunan slaydlar və videoçarx vasitəsilə məruzəçi mövzu haqqındakı görüşlərini əyani şəkildə izah edib. M.Abdullayeva öz nitqini müasir humanist pedaqogikanın görkəmli nümayəndəsi, akademik Şalva Aleksandroviç Amonaşvilinin “Müəllim, məni yaradıcılığa ruhlandır!” adlı kitabındakı şagirdin müəlliminə müraciətini əks etdirən sitatla yekunlaşdırıb: “Müəllim, məni yaradıcılığa ruhlandır! Kim bu səssiz səsi eşitmir? Bu, artıq əsrlərdir ki, təhsil səhrasında şagirdin cavabsız qalan çağırışıdır: Əziz müəllimim, məni işıqlı yaradıcılığa ruhlandır! Dostluğa və sədaqətə, vəzifə borcuna və xidmətə, qarşılıqlı anlaşmaya və vəhdətə ruhlandır. Ədalətə və xeyirxahlığa, idrakın genişliyinə və yaradılışı dərk etməyə ruhlandır məni. İmanı anlamağa və özümü dərk etməyə, həyatın mənasını və özümün həyatdakı təyinatımı axtarmağa ruhlandır məni. Kosmosa aidliyimi, insan ruhunun qüdrətini anlamaqda mənə kömək et. Müəllim, məni öz içimdə Ruhi İnsan, Alicənab və nəcib İnsan yaratmağa ruhlandır”.

Sonra seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, məruzə ilə bağlı təəssüratlarını bölüşüblər.

Xəbər lenti