Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 24 435 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 13 031 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 5 118 vətəndaş müraciət edib.
Sentyabr ayında BŞTİ-yə 4 576 sənəd (vətəndaşlar tərəfindən 2 052 ərizə, Elm və Təhsil Nazirliyindən 562, digər qurumlardan 202, məktəblərdən 1 270 məktub və 490 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 710 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.