Oktyabrın 3-də Bakıda “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” Sammiti işə başlayıb.
Tehsil.biz xəbər verir ki, “İnterProbe” şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən birgə təşkil olunan “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda tədbir AKTA-ya üzv olan “Pnetworks” təşkilatının dəstəyi, Medianın İnkişafı Agentliyinin, həmçinin “A2Z Technologies”, “CyberPoint” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilib.
Tədbirin açılış mərasimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, AKTA-nın İdarə heyətinin sədri Rahid Ələkbərli, Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov,”bp” şirkətinin xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və ”Swiss Cyber Institute”un rəhbəri Samir Əliyev çıxış edib.
Sammitdə kiberdünyada cərəyan edən hadisələr, ölkələrin kiberhazırlığı, kibertəhsil, kibergüclərin birgə fəaliyyəti, iqtisadiyyatın müxtəlif sahələrindəki kiberfəaliyətlər və kiberpotensial idarəçiliyi sahəsindəki aktual məsələlər Azərbaycan, Türkiyə və İsrail kiber-ekspertləri ilə birgə müzakirə edilib.
Geniş dinləyici auditoriyasının diqqətini cəlb edən forumlar çərçivəsində “Davamlı kibertəhlükəsizlik modelinin qurulması”, “Maliyyə sahəsində rəqəmsal transformasiya və kiber risklər”, ”Əvvəldən axıra təhlükəsizlik mümkündürmü?”, ”Kiber-potensialın gücləndirilməsi” və s. kimi mövzularda müzakirələr aparılıb.
Sammit çərçivəsində 600-ə yaxın ekspertin iştirakı ilə müxtəlif interaktiv sorğular keçirilib, kibergigiyena, kiber-mühit, sosial və idarəçilik təcrübələrinə aid sorğular xüsusi olaraq qiymətləndirilmiş və interaktiv iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Sammit zamanı müzakirə olunan məsələlər üzrə gələcək fəaliyyətlərin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Türkiyənin “CyberThink” və Kiber Diplomatiya Assosiasiyası kimi düşüncə mərkəzlərində davam etdirilməsi qərarlaşdırılıb.