Logo

Riyaziyyat və təbiət elmləri üzrə ekspertlərin hazırlığı məqsədilə təlimlərə başlanılıb

03.10.2022 19:08 218 baxış
IMG

"Riyaziyyat və təbiət elmləri üzrə PISA yönümlü sualların yazılması istiqamətində ekspertlərin hazırlığı” layihəsi çərçivəsində təlimlərə başlanılıb.

Tehsil.biz xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM), Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Niderland Krallığının “CİTO – Niderland Milli Təhsil İnstitutu”nun dəstəyi ilə həyata keçirilən layihəsi üzrə riyaziyyat fənni istiqamətində ilk təlim oktyabrın 3-də reallaşıb.

Təlim riyaziyyat fənni istiqamətində seminar və praktiki məşğələlər üzrə beynəlxalq təcrübəsi olan Sjoerd Crans tərəfindən keçirilib. 11 günü əhatə edəcək təlimlər qiymətləndirmə sahəsinə töhfə verməklə yanaşı, PISA qiymətləndirmə tədqiqatında istifadə olunan, funksional savadlılığı ölçən tapşırıq nümunələrinin şagirdlərimiz tərəfindən daha yaxşı anlaşılması və cavablandırılması üçün məzmunların hazırlanmasına və riyazi savadlılığın inkişafına dəstək olacaq, beynəlxalq təcrübəyə əsaslanan müqayisəli hesabatın hazırlanmasına və hesabatdan irəli gələn digər fəaliyyətlərə şərait yaradacaq.

Layihə riyazi savadlılığın qiymətləndirilməsinə dair məzmunun analizi, PISA qiymətləndirmə tədqiqatının nəticələrinin riyazi savadlılığın inkişafında tətbiqi, tədqiqatda ölçülən bacarıqların və istifadə edilən tapşırıq növlərinin yerli kontekstdə dəyərləndirilməsi, funksional savadlılığın qiymətləndirilməsinə dair beynəlxalq təcrübəyə əsaslanan hesabatın hazırlanması, konsultativ müzakirələrin həyata keçirilməsi kimi məsələləri əhatə edir.

Təlimdə DİM-in nümayəndələri, riyaziyyat fənni istiqamətində buraxılış və qəbul imtahanlarında tapşırıqların tərtib olunması üzrə ekspertlər, Elm və Təhsil Nazirliyinin nümayəndələri, Təhsil İnstitutunun nümayəndə heyəti və riyaziyyatçılar iştirak ediblər.

CİTO ekspertləri tərəfindən təbiət elmləri istiqaməti üzrə təlimlərin növbəti ayda keçirilməsi planlaşdırılıb.

Xəbər lenti