Oktyabrın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Yay günü” tamaşasının premyerası keçiriləcək.
Teatrdan "Tehsil.biz"ə verilən məlumata görə, Slavomir Mrojekin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri Abbas Mirzə Şərifzadə adına səhnədə təqdim olunacaq.
Yeni yaradıcılıq işinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Amal Ramazanov, rejissor assistenti Nərmin Həsənovadır.
Tamaşada aktyorlar Ramin Şıxəliyev, Elsevər Rəhimov və Lalə Süleymanova iştirak edirlər.
Qeyd edək ki, dünya şöhrətli polyak yazıçı Slavomir Mrojek yaradıcılığa karikaturaçı və jurnalist kimi başlayıb. Sonra hekayələr və pyeslər yazıb. O, 1958-ci ildə “Polis” adlı ilk komediyasını yazıb. 1964-cü ildə “Tanqo” pyesi nəşr olunur və müəllifə dünya şöhrəti gətirir. 1963-cü ildə yazıçı ölkədən mühacirət edib. 1996-cı ilədək ABŞ, İtaliya, Fransa, Almaniya və Meksikada yaşayıb. 1996-cı ildə Vətəninə dönən yazıçı 2002-ci ildə insult keçirib. 2013-cü il avqustun 15-də vəfat edib.