Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilovun və kafedranın dosenti Aygün Nəsibovanın həmmüəllifi olduqları “Biomateriallarda öz-özünə yığılan maqnit nanohissəciklərinin EPR tədqiqi” adlı məqalə “SCOPUS” bazasında indekslənən (IF: 0.54) “Semiconductor physics, Quantum Electronics & Optoelectronics” jurnalında dərc olunub.
Tehsil.biz xəbər verir ki, məqalədə canlı sistemlərdə stress zamanı özünü müdafiə mexanizmi olaraq maqnit nanohissəciklərin yaranmasından bəhs edilir.
Araşdırma obyekti olaraq ardıc (Juniperus communis) bitkisi və bu bitkinin əsasında hazırlanan biomateriallar (antioksidant təsirə malik olan və immun sistemini gücləndirən Nefrovil və İmmunostan preparatları) istifadə olunub. Tədqiqatlar EPR (elektron paramaqnit rezonans) metodu ilə aparılıb. Həmçinin qeyd olunan biomateriallarda yaranan EPR siqnallarının intensivliyinə temperaturun və radiodalğaların gücünün təsiri də tədqiq edilib.