Qazaxıstanın Türküstan vilayətində “Azərbaycan dili, mədəniyyəti və adət-ənənələri” mövzusunda tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə Sayram rayonunun Karasu kəndində baş tutan tədbirdə yerli hakimiyyət orqanlarının, Qazaxıstan Xalq Assambleyasının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən birliyin sədri Ramilə Mustafayeva qonaqları salamlayıb. Qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız milli kimliyi, doğma dili, Azərbaycanın zəngin mədəni irsi ilə qürur duyur və bu xəzinəni yaşadıqları ölkələrdə təbliğ etməkdən usanmırlar.
Tədbir adət-ənənələrimizi əks etdirən mərasimlərdən, xalq mahnılarımızdan və milli rəqslərimizdən ibarət bədii proqramın təqdim olunması ilə yekunlaşıb.
Tədbirdə “Bazar günü” həftəsonu Azərbaycan məktəbinin müdavimləri fəal iştirak ediblər.