Logo

Əbədiyaşar - Qüdrət müəllim!

05.10.2022 15:14 822 baxış
IMG

Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. (Sokrat)

"Müəllim yalnız dərs deyən, sadəcə bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan bir şəxs, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə göstərən, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır". Bu fikirlər Azərbaycanın böyük simalarından biri olan Xudu Məmmədova məxsusdur. 

Əlbəttə, xalqımızın həmişə müəllimə və müəllim əməyinə yüksək qiymət verməsi müəllimliyin mahiyyətindən irəli gəlir. Müqəddəs peşəni şərəflə qoruyan, həmişə uca tutan müəllimlərimiz var. Bu müəllimlərdən biri haqqında sizlərə söz açmaq istəyirəm. Hansı ki, o, 55 illik ömrünün yarısını gənc nəslin maariflənməsinə həsr edən, onların təhsilli və savadlı olması üçün əlindən gələni ən yüksək səviyyədə ortaya qoyan və bunu bacaran vicdanlı müəllim idi. 

Bu gün 5 oktyabr müəllimlər günüdür! Keçmiş tələbələri mərhum Qüdrət Qasımbəyli haqqında öz xatirələrini, fikirlərini bölüşüb. 

Odlar Yurdu Universitetinin (OYU) Filologiya fakültəsinin məzunu Aynur Fətullayeva:
"2015-ci ildə ilk universitetə gəlişimdə, çox şeyi bilmirdim. Nəyisə bilmək üçün ilk yanına qaçdığım adam idi Qüdrət müəllim!Ailəsindən uzaq, kənddən şəhərə yeni gələn 18 yaşlı qıza ata kimi arxa duran, ona həyatın hər üzünü izah edən adam idi Qüdrət müəllim! Zaman keçdikcə doğmalaşan sima, mənim, ailəmin ən yaxın insanına çevrildi. Yer üzündə qanadsız mələklərin varlığına inanmağa başladım. Mələklər qanadlı olur demişlər, mən anladım ki, insan sürətində mələk də olurmuş.Təkcə mənə ən yaxın deyildi, o mənim kimi əziyyət çəkən hər tələbəyə yardım edirdi. Müəllimin necə insan olduğunu ifadə etməyə söz bazam acizdi. Qüdrət müəllimi itirməklə mən dostumu, müəllimimi, əmimi, köməyimi itirdim. ALLAH müəllimə rəhmət etsin!".

Odlar Yurdu Universitetinin (OYU) Filologiya fakültəsinin məzunu Minarə Abbaslı:
"Qüdrət müəllimin mənə etdiyi yaxşılıqları nə qədər yazsam az olar. Universiteti, tələbəliyi mənə sevdirən insan idi Qüdrət müəllim. Universitetdə qürürla yeriyirdim, ürəkli idim. Çox, çox heyif. Allah rəhmət  eləsin müəllimə". 

Odlar Yurdu Universitetinin (OYU) İqtisadiyyat fakültəsinin məzunu Ülviyyə Ağalarova:
"Həyatımızda heç bir zaman unuda bilməyəcəyimiz tək insan, hər zaman bizə dəstək olan müəllimimizdir! Daima qəlbimizdə yaşayacaq Qüdrət müəllim". 

Odlar Yurdu Universitetinin (OYU) İqtisadiyyat fakültəsinin məzunu Mirmurad Əliyev:
"Unudulmaz müəllim idi! Bütün tələbələr ilə tək-tək maraqlanardı. Hansı tələbənin problemi olsa, həll etmək üçün əlindən gələni edərdi! ALLAHdan sonsuz rəhmət diləyirəm Qüdrət müəllimə". 

Odlar Yurdu Universitetinin (OYU) İqtisadiyyat fakültəsinin tələbəsi Təbriz Məmmədov:
"Tələbələrin dostu idi, Qüdrət müəllim! Tələbələr çətinliyə düşən zaman dərdini ilk ona deyərdi. Çox heyif... Bu gün onun yoxluğu hiss olunur. 

Qüdrət müəllim əbədiyyətə qovuşsa da, həmişə onu sevənlərin qəlbində yaşayır. Tələbərin yaddaşında təkcə bir pedaqoq, müəllim kimi qalmadı. Xeyirsəvər, unudulmaz, tələbələrin dostu kimi əbədiyaşar müəllim olaraq iz qoydu...

Tələbələrindən xatirə...

Xəbər lenti