Logo

Müəllim kimdir?

05.10.2022 15:43 696 baxış
IMG

"Müəllim" sözü ərəbcədən tərcümədə "dərs keçən, tədris edən", geniş mənada Azərbaycan dilinin izahlı lüğətində məktəbdə hər hansı bir fəndən dərs deyən adam, nəsihət verən, öyüd verən, öyrədən, ağıl verən deməkdir. Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevəndir, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir.

"Yaxşı müəllim nə deməkdir" sualına Ulu öndər Heydər Əliyev belə cavab verərdi:

"Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq".

Ümumiyyətlə, yaxşı müəllim tədris etdiyi fənni elmini yaxşı bilməli, ona vurğunluqla onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir, o elmin problemlərindən də xəbərdardır. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünyagörüş şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər...

Bəli, müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir.

Bu barədə dahi Ü.Hacıbəyov belə yazırdı: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili - tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar. Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır. Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim, yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə və təlimə bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəşhi - ruzi vasitəsi axtarsın"

Müəllimin şəxsi keyfiyyətlərinə nələr aiddir?

1. Müəllim yüksək əqidə, məslək sahibi, müəllim — Vətəndaş olmalıdır. O, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. Müəllimlik-vətənpərvərlik peşəsidir. Məhz müəllim uşaqları, gəncləri vətənə məhəbbət ruhunda tərbiyə edir, onları vətənin müdafiəsinə hazırlayır.

Almaniya kansleri O.Bismark Almaniyanın möhtəşəmliyini alman xalq müəllimi ilə bağlayırdı. Fransa-Prussiya müharibəsində Prussiyanın qələbəsini alman müəlliminin qələbəsi hesab edirdi: "Biz qələbə çaldıq ona görə ki, alman müəllimi fransız müəlliminə üstün gəldi".

2. Müəllim yüksək mədəniyyətə və mənəviyyata malik olmalıdır. O, özündə zahiri və daxili mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri (düzlük, ədalətlilik, xeyirxahlıq, humanizm, sadəlik və b.) cəmləşdirməlidir. Müəllim tərbiyə işinə özündən başlamalıdır, çünki özündə olmayan keyfiyyəti başqalarına vermək olmaz.

3. Müəllim dərin biliyə, erudisiyaya malik olmalıdır. Bilik müəllimin əsas silahıdır. Y.A.Komenski biliksiz müəllimi işıqsız lampaya, susuz bulağa bənzədirdi. Belə «müəllim» uşaqlara dərin bilik verə bilməz. Zəif müəllim zəif də şagird, tələbə yetişdirər.

4. Müəllim fənnini, peşəsini və uşaqları sevməlidir. L.N.Tolstoya görə, öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim isə əla müəllimdir.

5. Müəllim yüksək nüfuz sahibi və uşaqlara nümunə olmalıdır. Dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də, hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır.

Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir. Yəni müqəddəs olanlar öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır. Müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır. Uşaq ikən bizə qələm tutub yazmağı öyrədən, hər il keçdikcə öz bildiklərini bizimlə bölüşən dəyərli varlıqlardır müəllimlər.

Ümummilli Lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.

Əli Ələkbərov,
Xəzər Universitetinin tələbəsi

Xəbər lenti