Logo

Türkiyədə “Şuşa İli” çərçivəsində konsert keçirilib - FOTO

05.10.2022 17:16 334 baxış
IMG

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Tekirdağ Valiliyinin təşkilatçılığı, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (“Hazarfem” dərnəyi) dəstəyi ilə “Şuşa İli” çərçivəsində cari ilin 4 oktyabr tarixində Türkiyənin İstanbul şəhəri, Tekirdağ vilayətində “Bir millət, iki dövlət!” şüarı altında Azərbaycanın milli rəqs və musiqilərindən ibarət konsert keçirilib.

Tehsil.biz xəbər verir ki, konsertdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə Cəngi Rəqs Ansamblının ifasında “Vətən suitası”, “İgidlər”, “Naz eləmə”, “Uzundərə”, “Yallı”, “Sarı gəlin”, “Bayram” kimi milli rəqslərimiz nümayiş etdirilib, Azərbaycan musiqi nümunələri səsləndirilib.

Tədbirdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şanlı Zəfərimiz haqqında danışıblar. Bildirilib ki, “Şuşa İli” ilə bağlı Azərbaycanla yanaşı, qardaş Türkiyədə də silsilə tədbirlər keçirilib.

Çıxış edənlər əsrlər boyu davam edən Azərbaycan-Türkiyə qardaşlığının hər gün daha da dərinləşdiyini vurğulayıblar.

Mərasimdə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Tekirdağ valisi Aziz Yıldırım, “Hazarfem” dərnəyinin sədri Nuran Acar, Türkiyənin bir sıra dövlət qurumları, o cümlədən Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, valiliyin nümayəndələri, konsulluğun əməkdaşları və qonaqlar iştirak ediblər.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük coşqu və rəğbətlə qarşılanıb.

Xəbər lenti