Bir neçə gün öncə sosial şəbəkələrdə universitetlərdən birində illik təhsilhaqqını ödəyə bilmədiyi üçün dekanın tələbə qızı hamının yanında dərsdən uzaqlaşdırması ilə bağlı məlumat yayılıb.
“Qafqazinfo” məsələni ararşdıraraq həmin tələbənin valideyni ilə əlaqə saxlayıb. Məlum olub ki, sözügedən hadisə Azərbaycan Universitetində qeydə alınıb. Universitetin 2-ci kurs tələbəsi Lutvina Babazadənin anası Jalə Babazadə saytımıza açıqlamasında bildirib ki, hadisə zamanı qızı ilə bərabər başqa bir tələbə də dərsdən çıxarılıb: “Sentyabr ayında qızım və bir qrup yoldaşı dərsə girərkən illik təhsilhaqqını ödəmədikləri üçün uşaqlara tapşırılıb ki, iki gün ərzində ödəməsəniz qayıb yazılacaq".
Valideyn deyir ki, tədris ili başlayanda maddi durumları zəif olduğuna görə, təhsilhaqqını ödəyə bilməyiblər. Bunun üçün universtetə də müraciət edib: “İki övladım var. Həyat yoldaşım vəfat edib. Övladlarımın səhhətində də problemlər var. Lutvinanın bir gözü görmür, digəri isə çox zəifdir. Hazırda universitetin “Sosial iş” ixtisası üzrə təhsil alır. İllik 2500 manat təhsilhaqqısı var. Ötən il təhsilhaqqını qohumlarımın köməkliyi ilə ödədik. Bu il universitetə müraciət etdim ki, heç olmasa 50 faizini keçsinlər, amma razılaşmadılar. Dedilər ki, “Sizə edəcəyimiz güzəşt ancaq o olar ki, 1250 manatını indi ödəyin, qalanını da dekabr ayına qədər hissə-hissə ödəyərsiniz”. Onu da bildiriblər ki, əgər tələbənin atası yoxdur, anası da əlil olarsa, bu zaman təhsil haqqının sadəcə 50 faizi ödənə bilər. Bir gün də işdə olarkən uşaq mənə zəng edib dedi ki, dərs zamanı belə bir hadisə yaşanıb. Elə ağlayırdı ki, elə bildim universitetdən qovulub. Çox şükür, yenə də ətrafımdakı insanların köməkliyi ilə illik təhsilhaqqını ödədik”.
Eyni problemlə qarşılaşan digər tələbə isə Əliyev Müşfiq Mikayıl oğludur. O, Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. Fizika Elektroenergetika fakültəsində İstilik Energetik Qurğular ixtisasi üzrə təhsil alan tələbə 1200 manat təhsilhaqqını ödəyə bilmədiyi üçün heç bir dərsə, imtahana buraxılmadığını deyir: “Özüm şəhid övladıyam. Atam Əliyev Mikayıl Atababa oğlu 1992-ci il fevralın 26-da şəhid olub. 31 yaşım var. Ailəliyəm, bir övladım var. Çox çətinliklə ailəmi dolandırıram. Təhsilhaqqımı ödəyə bilmədiyimə səbəb isə banklara xeyli borcumun olmasıdır. Dövlət tərəfindən mənə şəhid övladı kimi ev də verilməyib. Dərslərdə də axrıncı dəfə aprel ayında iştirak etmişəm. Ödənişi etmədiyim üçün imtahana buraxılmadım və dedilər ki, dərslərə də buraxılmayacağam”.
Tələbə Lutvina Babazadənin məsələsi ilə bağlı Azərbaycan Universitetinə sorğu ünvanladıq. Universitetdən saytımıza bildirildi ki, L.Babazadə dərslərdə iştirak edir və bu tələbənin universitetdən xaric olunmasına dair əmr yoxdur.
Bəs Lutvina Babazadənin gözlərindəki problemə görə ona əlillik dərəcəsi təyin edilibmi? Bu suala cavab olaraq Lutvinanın anası Jalə Babazadə deyib ki, indiyə kimi bu məsələ ilə maraqlanmayıb. “Qafqazinfo” olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, bunun üçün ailə əvvəlcə qeydiyyatda olduğu xəstəxanaya, daha sonra isə agentliyə müraciət etməlidir.
Müşfiq Əliyevin dərslərə və imtahanlara buraxılmaması ilə bağlı isə Sumqayıt Dövlət Universitetinə müraciət etdik. Universitetdən saytımıza verilən açıqlamada deyildi ki, tələbə ilə görüşərək ona məsələ ilə əlaqədar ətraflı məlumat verilib. Tələbə Müşfiq Əliyev də saytımıza təsdiqlədi ki, bizə müraciətindən sonra universitetə dəvət olunub. Ona bildirilib ki, problemi ilə bağlı kömək etməyə çalışacaqlar, vəziyyətlə bağlı rektora da məlumat veriləcək.
Şəhid övladına ev verilməsi məsələsinə gəlincə, bununla əlaqədar Sosial Xidmətlər Agentliyinə üz tutduq. Qurumun səlahiyyətli şəxsi Müşfiq Əliyevin əlaqə nömrəsini alaraq onunla danışılacağını bildirdi. M.Əliyevin saytımıza bildirdiyinə görə, artıq onunla əlaqə saxlanılıb və hazırda agentliyin balansında ikiotaqlı mənzilin olmadığı, yalnız olduğu halda problemə baxıla biləcəyi qeyd edilib.