Logo

VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2022 20:27 331 baxış
IMG

Oktyabrın 5-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib.

Tehsil.biz xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, bir neçə ölkənin Azərbaycandakı səfirləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Baş nazirin müavini Əli Əhmədov qonaqları salamlayıb. Qeyd edib ki, kitab bəşəriyyətin və insanların həyatında çox mühüm yer tutan atributlardan biridir: "Əsrlər boyu kitab insanı müşayiət edib, onlara biliklər verib. Hətta göylərdən gələn məsləhətlər, tapşırıqlar, müqəddəs kəlamlar da insanlara kitablar vasitəsilə çatdırılıb. Doğrudur, bugünkü dövrdə elm və texnikanın inkişafı ilə əlaqədar kitabın insan həyatında oynadığı rolu oynayan digər vasitələr meydana gəlib. Bütün bunlara baxmayaraq kitab insan həyatında yenə də öz yerini tutmaqdadır".

Dövlətimiz tərəfindən elmə, kitaba böyük diqqət yetirildiyini söyləyən Əli Əhmədov Azərbaycanın kitabla bağlı illər boyu formalaşmış ənənələrinə hər zaman sadiq olduğunu vurğulayıb: "Bu sədaqətin bariz nümunələrindən biri artıq səkkizinci dəfədir ki, ölkəmizdə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisidir. Ümid edirəm ki, sərgi kitabın təbliğinə və yayılmasına öz töhfəsini verəcək".

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, hər bir xalqın böyüklüyü, onun ədəbiyyatının zənginliyi həm də kitaba və nəşriyyata olan münasibətindən asılıdır: "Əsrlər boyu yazarlarımız, mütəfəkkirlərimiz dünya ədəbiyyatına zəngin töhfələr veriblər. Bununla da Azərbaycanı ədəbiyyat və fikir məkanı kimi dünya xəritəsinə yerləşdiriblər. Ədəbiyyata, mədəniyyətə, kitaba olan diqqət və qayğı ulu öndər Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə başlayıb. Böyük şair və mütəfəkkirlərimizin adları əbədiləşdirilib, təbliğatı istiqamətində mühüm addımlar atılıb. 1982-ci ildə ölkəmizdə Vaqif Poeziya Günlərinin keçirilməsi Azərbaycan milli ədəbiyyatının təntənəsi idi. Bu diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən yaşadılır. Torpaqlarımızın düşməndən azad edilməsindən sonra Vaqif Poeziya Günləri bərpa olundu və artıq ikinci dəfə gerçəkləşdi. Bu il Azərbaycan ədəbiyyatının dörd görkəmli nümayəndəsi – Xurşidbanu Natəvanın 190, Əhməd Cavadın 130, Hüseyn Cavidin 140, Ömər Faiq Nemanzadənin isə 150 illiyi dövlət səviyyəsində qeyd ediləcək. Natəvanın yubileyi münasibətilə "Məclisi-üns" ədəbi məclisi azad Şuşada bərpa edildi”.

Sərgi haqqında məlumat verən Anar Kərimov vurğulayıb ki, “Şuşa İli”nə həsr olunan kitab bayramında 10-dan çox ölkə, 100-dən artıq yerli və xarici nəşriyyat iştirak edir. Beş gün davam edəcək sərgi müddətində müxtəlif formatda ümumilikdə 200-dən çox tədbir təşkil olunacaq: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, builki sərgimizin fəxri qonağı qardaş Türkiyə Cümhuriyyətidir. Sərgidə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdam Çamın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Biz əminik ki, Türkiyənin bu sərgidə iştirak etməsi iki ölkə arasında kitab dövriyyəsi, kitab sənayesi və ədəbiyyatla bağlı bütün sahələrdə əməkdaşlığın inkişafına öz töhfəsini verəcək".

Anar Kərimov çıxışının sonunda kitab bayramı münasibətilə bütün kitabsevərləri təbrik etdi, sərgi iştirakçılarına uğurlar arzulayıb.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam çıxış edərək Prezident Rəcəb Tayyib Ərdoğan və nazir Mehmet Nuri Ersoyun salamlarını tədbir iştirakçılarına çatdırıb. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan nazir müavini sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərginin bütün xalqımızın, ən əsası isə yazıçıların bayramı olduğunu söyləyib.

Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən lent kəsildi. Tədbir iştirakçıları sərgi məkanı, stendlərlə yaxından tanış olublar.

Oktyabrın 9-dək davam edəcək VIII Bakı Beynəlxalq Kitab Sərgisi “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir. Sərginin əsas media tərəfdaşı İctimai Televiziyadır.

Xəbər lenti