Oktyabrın 5-də cari tədris ilində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının ilk iclası keçirilib.
Tehsil.biz xəbər verir ki, iclası açan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinin başlanılması və 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şura üzvlərini təbrik edib və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Əvvəlcə, “2022/2023-cü tədris ili üçün MDU Elmi Şurasının iş planı” layihəsi müzakirə edilib və təsdiq olunub.
İclasda “2021/2022-ci tədris ilinin yaz və yay imtahan sessiyasının yekunları haqqında” və “2022/2023-cü tədris ili üçün bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun yekunları haqqında” hesabatlar dinlənilib. Aparılan müzakirələrdən sonra hər iki hesabat Elmi Şura tərəfindən qəbul olunub.
Sonra, iclasın gündəliyinə uyğun olaraq, rektor Ş.Bayramov cari tədris ilində qarşıya qoyulan vəzifələr haqqında ətraflı məlumat verib. Tədrisin və elmi fəaliyyətin keyfiyyətinin davamlı surətdə yüksəldilməsi, tərəfdaş xarici və yerli universitetlərlə əməkdaşlığın inkişafı, sənaye ilə işbirliyinin gücləndirilməsi, tələbələr və məzunlarla işin təkmilləşdirilməsi, akademik və inzibati heyət üzvlərinin bilik və bacarıqlarının artırılması, ictimai-sosial tədbirlərdə fəal iştirakın təmin edilməsi və digər istiqamətlər üzrə görülməli olan işlər barədə danışan rektor aidiyyatı struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Daha sonra, cari məsələlərə baxılması ilə davam edən iclasda “Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi” adlı fənnin məcburi fənn kimi tədris planlarına daxil edilməsi və MDU-da tədrisi təşkil edilən yeni ixtisasların tədris planlarının təsdiq edilməsi haqqında məsələlər müzakirə olunub və Elmi Şura tərəfindən qəbul edilib.