Cari ilin 5-7 oktyabr tarixində İndoneziya Respublikasının Turizm və Yaradıcı İqtisadiyyat Nazirliyi tərəfindən Bali adasında “İnklüziv yaradıcılıq: Qlobal bərpa” mövzusunda Yaradıcı İqtisadiyyat üzrə III Ümumdünya Konfransı keçirilir.
Tehsil.biz xəbər verir ki, konfransda yaradıcı sənayelərin iqtisadiyyatda rolunun artırılması, o cümlədən sahəvi inkişaf proseslərinin təmin olunması ilə bağlı müzakirələr aparılır.
Cari ilin 6 oktyabr tarixində keçirilən konfransın Nazirlər sessiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev onlayn formada iştirak edib. Qeyd olunan sessiyada ilk öncə İndoneziyanın Turizm və Yaradıcı İqtisadiyyat naziri, eləcə də Xarici İşlər naziri tərəfindən açılış çıxışları edilib. Daha sonra Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən hazırlanan qlobal hesabat təqdim olunub.
Sessiyanın sonunda ölkələri təmsil edən çıxışçılara söz verilib. Bu hissədə çıxış edən Elnur Əliyev ölkəmizdə Mədəniyyət və Yaradıcı Sənayelər sahəsində baş verən son proseslər, Nazirliyin bu istiqamətdə yanaşması, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, eləcə də işğaldan azad edilmiş ərazilərə yaşayış və mədəniyyətin qayıdışından bəhs edib.
Sonda isə “Bali baxışı: Yaradıcı İqisadiyyat üçün Yol Xəritəsi” başlıqlı sənəd layihəsi nəzərdən keçirilərək qəbul olunub.