Logo

MDU kvant elminin və texnologiyalarının müasir trendlərinə həsr olunmuş Beynəlxalq yay məktəbində uğurla təmsil olunub - FOTOLAR

07.10.2022 10:00 325 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari ilin 22 sentyabr-2 oktyabr tarixlərində Bakı Dövlət Universiteti (BDU) və “VolkswagenStiftung” Fondunun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq yay məktəbini uğurla başa vuran Mexanika kafedrasının laborantı Xəyalə Hüseynzadəni və həmin kafedranın müdiri Mahir İsmayılovu qəbul edib.

Tehsil.biz xəbər verir ki, “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusuna həsr olunan Beynəlxalq yay məktəbində MDU-nu layiqincə təmsil etdiyinə görə universitetin gənc əməkdaşına təşəkkürünü bildirən rektor Ş.Bayramov əldə etdiyi uğurlu nəticə münasibətilə onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ölkəmizin qabaqcıl universitetlərindən olan BDU ilə faydalı əməkdaşlıq sayəsində sözügedən beynəlxalq tədbirdə MDU əməkdaşının da iştirakının mümkün olduğunu vurğulayan Ş.Bayramov göstərilən diqqətə və yaradılan imkana görə bu tərəfdaş ali təhsil müəssisəsinin rəhbərliyinə minnətdarlığını ifadə edib.

Yay məktəbində iştirakdan məmnunluğunu bildirən X.Hüseynzadə belə bir beynəlxalq səviyyəli tədbirə qatılmaq fürsətinə görə təşəkkürünü çatdırıb.

Məlumat üçün bildirək ki, Beynəlxalq yay məktəbi müasir kvant elminin qabaqcıl ideyalarını, yeni elmi nəticələrini, mövcud problemlərini və inkişaf perspektivlərini, kvant texnologiyalarında mümkün tətbiqləri iştirakçılara çatdırmaq məqsədi daşıyıb. Magistrant, doktorant və gənc tədqiqatçılar üçün təşkil olunan yay məktəbinə dünyanın 20-dək ölkəsindən müvafiq sahə üzrə tanınmış alim və mütəxəssisləri cəlb olunub və 40-dək məruzə dinlənilib. MDU-nun gənc əməkdaşı X.Hüseynzadə yay məktəbinin sonunda müsabiqədən uğurla keçərək müvafiq sertifikata layiq görülüb. Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da akademik potensialın gücləndirilməsi və gənc əməkdaşların hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, bu istiqamətdə tərəfdaş universitetlərin təqdim etdikləri imkanlara xüsusi önəm verilir.

Xəbər lenti