Logo

“Müasirlik və ədəbiyyatımızın problemləri” mövzusunda tədbir keçirilib - FOTO

07.10.2022 12:24 346 baxış
IMG

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində 8-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq yazıçısı Elçin Əfəndiyevin “Müasirlik və ədəbiyyatımızın problemləri” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, qonaqları salamlayan Elçin əvvəlcə ədəbiyyat, onun çağdaş durumu haqqında geniş çıxış edib. “Şərq-Qərb” nəşriyyatının İlyas Əfəndiyevdən bəhs edən kitab çap etməsindən  danışan Elçin Əfəndiyev bu kitabın yalnız İlyas Əfəndiyevdən deyil, onun mühitindən, Sovet dövrü ədəbi prosesindən bəhs etdiyini də vurğulayıb.

Bugünkü dövr ədəbiyyatının problemlərindən danışan müəllif  bildirib ki, ədəbiyyatın predmetini insan, onun hissləri, düşüncəsi və daxili aləmi təşkil edir. Ədəbiyyat ananın balaya laylasından yaranıb, bu dövrdən etibarən yaranan ədəbiyyatda əsas mövzu insandır. Fikrimizcə, çağdaş dövr ədəbiyyatının əsas problemi ondan ibarətdir ki, onda insanın xislətinin dərinliklərinə enə bilmək imkanı çatışmır.

Sonra dinləyicilərin suallarına cavab verən müəllif müxtəlif yaradıcılıq məsələlərinə toxunub. Çağdaş dramaturgiyanın durumu, onun problemləri haqqında məlumat verərək Rus dram teatrı, Azərbaycan dram teatrına tədqim etdiyi yeni dram əsərlərindən bəhs edib. “Mirzə Fətəli Axundov öz pyeslərini qələmə alanda dramaturgiya yox idi və ilk dəfə o, dramaturgiyanın əsasını qoydu. Yazan müəlliflərdə istedad olmalıdır. Dramaturgiya teatr ilə qarşılıqlı əlaqədə olur. Teatrın inkişafını təmin etmək üçün gərək keyfiyyətli dram əsərləri ərsəyə gəslin, mütəxəssis rejissorlar bu əsərlərin səhnəyə qoyulmasında iştirak etsin”, - deyən yazıçı təəssüflə bildirib ki, müasir dövrdə dram əsərləri yaransa da onlar səhnəyə qoyulmur. Dramaturgiyanın inkişafı üçün mühit yoxdur, gənc  pyes müəlliflərini  stimullaşdırmaq üçün heç bir tədbir görülmür.

Elçin daha sonra poeziyanın problemlərinə nəzər yetirib. Qeyd edib ki, “poeziyamızda inkişaf daha güclüdür. Nəsr və dramaturgiya haqqında eyni sözü deyə bilmirik. İstedadlı gənclər çoxdur, ancaq bu istedadı üzə çıxaramq lazımdır. Dünyagörüşünün artırılması, güclü mütaliə istedadın inkişaf etdirilməsinə kömək etməlidir. Mövzu özü janrı tapmalıdır. Çox vaxt müəlliflər əsərin formasını özləri adlandırır. Posmodernist üslubda əsərin yazıldığını qeyd edirlər. Ancaq bunu müəllif yox, oxucu, tənqidçi təyin etməlidir”.

Ədəbiyyatı “canlı orqanizm” adlandıran Elçin Əfəndiyev qeyd edib ki, ədəbiyyat fərqli-fərqli dövrlərdə gah inkişaf edir, gah onda müəyyən durğunluq müşahidə edilir. Elçin Əfəndiyev  çağdaş dövrdə roman janrında xüsusi diqqət çəkən, seçilən romanın olmadığını vurğulayıb.

Yazıçı öz çıxışında Azərbaycanda uşaq ədəbiyyatının müasir durumuna da toxunub. Bildirib ki, “müasir dövrdə bu sahədə də vəziyyət istədiyimiz səviyyədə deyil. Halbuki Abdulla Şaiq, Abbas Səhhət, Mirmehdi Seyidzadə, Teymur Elçin, Mikayıl Rzaquluzadə bu sahədə ən yaxşı yazan sənətkarlar olmuşlar. Bunun əsl səbəbi oxucu səviyyəsinin aşağı olması ilə əlaqədardır. Çağdaş dövrdə texnologiya yüksək sürətlə inkişaf edib. Bu isə uşaqların kitaba olan marağının azalmasının, onların istədiyi kitabları elektron versiyada tapa bilməsi ilə əlaqədardır. Rəqəmsallıq dünyanı dəyişmiş, yeni bir sivilizasiya yaranmışdır. Rəqəmsallıq böyük bir mərhələyə keçid deməkdir. Bu isə kitab çapının 20-30 ildən sonra olmamasına gətirib çıxara bilər”.

Görüş qarşılıqlı fikir mübadilələri, sənət söhbətləri əsnasında davam edib və sonda Elçin Əfəndiyev bütün iştirakçılara təşəkkürünü bildirib.

Xəbər lenti