Təhsil Tələbə Krediti Fondunun maarifləndirmə xarakterli regional görüşləri davam edir.
Fonddan bildirilib ki, növbəti görüş Şamaxı rayonunda keçirilib.
Tədbirin ilk hissəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında filialın müəllim və tələbə heyəti ilə, ikinci hissəsi isə Şamaxı rayon Mədəniyyət Mərkəzində Şamaxı və Qobustan rayonlarının ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbələrinin iştirakı ilə keçirilib.
Tədbirdə Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Araz Paşayev təqdimatla çıxış edib. O, fondun yaradılması, fəaliyyəti, fond tərəfindən bu günədək görülən işlər barədə ətraflı məlumat verib.
Görüşdə təhsil tələbə kreditlərinə edilən güzəştlər, kreditlərin ödənilməsi, sosial və standart tələbə kreditləri haqqında sualları cavablandırıb. Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının aparıcı mütəxəssisi Mikayıl Tağıyev gənclərin ixtisas seçiminin gələcək inkişafları üçün əhəmiyyətindən danışıb, gənclər üçün dövlət tərəfindən yaradılmış hərtərəfli imkanları diqqətə çatdırıb.