Logo

Xaniyada Avropa Şurasının Mədəni Marşrutlarının Məşvərət Forumu keçirilir - FOTO

07.10.2022 19:23 323 baxış
IMG

5-7 oktyabr tarixlərində Yunanıstanın Krit adasında yerləşən Xaniya şəhərində Avropa Şurasının (AŞ) Mədəni Marşrutlarının 11-ci illik İllik Məşvərət Forumu keçirilir.

Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, 30-dan artıq mədəni marşrutun təmsil olunduğu forumda Avropa Şurasının rəsmiləri, müxtəlif ölkələrin mədəniyyət nazirləri, bir sıra beynəlxalq təşkilatlar iştirak edir.

5 oktyabr tarixində açılan Forumda Mədəni Marşrutların İdarə Heyəti üzvlərinin qapalı iclası keçirilib. İclasda ölkəmizi təmsil edən Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı 2011-ci ildən Proqrama qoşulan ilk ölkələrdən biri kimi Azərbaycanın platformanın inkişafını yüksək dəyərləndirdiyini və həm ölkələrin, həm də marşrutların sayının getdikcə artığının müsbət göstərici olduğunu vurğulayıb. Mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş layihələrin ölkəmiz tərəfindən dəstəkləndiyini vurğulayıb. İclasdan sonra Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin İdarə Heyətinin sədri, İsveçrə təmsilçisi Julyen Vüllemier, AŞ Mədəni Marşrutlar üzrə Universitetlər şəbəkəsinin rəhbəri, Nottinqem Trent Universitetinin professoru Mayk Robinson ilə ikitərəfli fikir mübadiləsi aparılıb.

Forumun ikinci günü keçirilən “Mədəniyyətlərarası dialoqun təşviqi” adlı paneli giriş nitqi ilə ölkəmizin AŞ yanında daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin Təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə məruzəçilər qrupunun sədri səfir Fəxrəddin İsmayılov açıb. Çıxışda Avropa Şurasında mədəni proqramların önəmi qeyd edilib, “Bakı Prosesi”nin əhəmiyyəti xüsusilə vurğulanıb.

Daha sonra panelin iştirakçısı olan mədəniyyət nazirləri, müxtəlif ekspertlər, mərkəzlərinin nümayəndələri bu istiqamətdə öz təcrübələri haqda danışıblar.

Forumda ölkəmizi təmsil edən nümayəndə heyəti ilə AŞ Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin icraçı katibi, Mədəni Marşrutlar Proqramının direktoru Stefano Dominioni arasında da ikitərəfli görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Araz Bağırlı ilə ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, Bakı Prosesi və bu təşəbbüs çərçivəsində nəzərdə tutulan qlobal tədbirlər haqqında qarşı tərəfi məlumatlandırılmış və birgə əməkdaşlıq imkanları haqqında danışıb. Bununla yanaşı, Azərbaycanın ərazisindən keçən mədəni marşrutların perspektivləri, ölkəmizlə ikitərəfli əməkdaşlıq və ölkəmizin qoşula biləcəyi yeni marşrutlar ətrafında fikir mübadiləsi aparılıb.

6 oktyabr tarixində həmçinin, Mədəniyyət Nazirliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP), 48 ölkədə mövcud olan “İndustrial irs” mədəni marşrutunun rəhbərliyi və müxtəlif ölkələrin mədəniyyət nazirliklərinin təmsilçiləri arasında da görüşlər keçirilib.

Forumun son günü təşkil edilən B2B sessiyalar çərçivəsində ölkəmizin qoşulduğu “Qayaüstü rəsmlər” marşrutunun rəhbəri Ramon Montes, “Itervitis – şərab marşrutu” nun rəhbəru Emanuela Panke, “Zeytun Yolları” mədəni marşrutun rəhbəri Marinella Katsilieri ilə Mədəniyyət Nazirliyinin təmsilçisi Araz Bağırlı, Dövlət Turizm Agentliyinin nümayəndələri Elşən Mustafayev və Sədaqət Davudova arasında əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, ölkəmiz AŞ Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişinə 2011-ci ildə qoşulan ilk ölkələrdən biri olmuş, 2014-cü ildə 4-cü İllik Məşvərət Forumuna ev sahibliyi edib. 2017-ci ildə Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətləarası Dialoq Forumu çərçivəsində mədəni marşrutlara həsr edilmiş xüsusi panel sessiyası təşkil olunub.

Xəbər lenti