Gəncədə zəhərlənərək xəstəxanada müalicə alan 3 saylı tam orta məktəbin daha iki şagirdi evə buraxılıb.
Abbas Səhhət adına Yoluxucu Xəstəliklər Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, xəstəxanaya zəhərlənmə diaqnozu ilə gətirilən beş şagirddən üçü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Digər iki şagirdin müalicəsi isə xəstəxana şəraitində davam etdirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında məktəbin "6b" sinfində texnologiya dərsi zamanı şagirdlər tərəfindən hazırlanan salat 5 nəfərin zəhərlənməsinə səbəb olub.
Hadisə ilə bağlı dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib.
17:00
Gəncədə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər salatdan zəhərlənib.
Məktəbdən “Report”a verilən məlumata görə, oktyabrın 7-də 6b sinfində texnologiya dərsində salat hazırlanıb.
"Həmin salatdan 5 nəfər şagird zəhərlənib. Hadisə dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib",- məktəbdən qeyd edilib.
Məlumata görə, salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.
13:19
Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.
“Tehsil.biz"in APA-ya istinadən məlumatına görə, məktəbin 6 şagirdi zəhərlənib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən faktı təsdiqləyiblər.
TƏBİB-dən isə bildirilib ki, oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.
İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edir, vəziyyətləri orta sabitdir.