Logo

"Məktəbdə hərənin əlində bir telefon var, biri oyun oynayır, o biri şəkil çəkir..." - Mütəxəssis

08.10.2022 13:11 465 baxış
IMG

"Məktəblərdə telefon qadağası ilə bağlı söz-söhbətlər nə bu günün, nə də dünənin məsələsidir. Bu, uzun illərdən bəri müzakirələrə və polemikalara yol açan, hamı tərəfindən birmənalı qarşılanmayan və bu günədək optimal həllini tapmayan bir problemdir".

Bu fikirləri "Tehsil.biz"ə təhsil üzrə mütəxəssis Nadir İsrafilov bildirib.

Onun sözlərinə görə, 5 il bundan qabaq şəhərin mərkəzi məktəblərinin birində şagirdlərin cinsi əlaqəyə girməsi, həmin prosesin lentə alınması və məktəbdə yayılması cəmiyyətdə böyük müzakirələrə və tənqidlərə səbəb oldu:

"Bundan bir qədər sonra şəhərin digər məktəbində yeniyetmə qızın açıq-saçıq görüntülərinin yayılması məsələnin əxlaq aspektlərini gündəmə gətirdi. Hər iki insident zamanı görüntülər mobil telefonla lentə alınaraq yayılmışdı.  O zaman bunları nəzərə alaraq məktəblərdə mobil telefonların qadağan olunması bir qədər də aktuallaşdı. "Belə neqativ halların qarşısını almaq üçün telefonlara qadağa qoymaq lazımdırmı?" sualı meydana çıxdı. Nə yazıq ki, sualın cavabı bu günə qədər birmənalı olaraq cavablandırılmayıb. Nəticəsi də o olub ki, telefon vasitəsilə videoçəkilişlər və səs yazıları bəzən ədədi, bəzən isə həndəsi silsilə ilə artmaqda davam edir".

Ekspert qeyd edib ki, yüksək texnologiyaların inkişafı, qloballaşma telefondan imtinanı mümkünsüz edir, ancaq şagirdlərin məktəbə telefonla gəlməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərir:

"Məktəbdə hərənin əlində bir telefon var, biri oyun oynayır, o biri şəkil çəkir, digəri başqa bir işlə məşğul olur. Telefon qadağası əleyhdarları isə fərqində deyillər ki, bu, təhsilin səviyyəsinə, onun keyfiyyətinə mənfi təsir göstərir. Ən dəhşətlisi isə odur ki, belə hallar özünü təkcə şagirdlər arasında yox, artıq həm də müəllimlər arasında göstərməyə başlayıb. Təhsil rəsmilərimizin mövqeyi isə hələlik bundan ibarətdir ki, bu məsələ məktəblərin daxili nizam-intizam qaydaları ilə tənzimlənir. Rəsmi şəkildə məktəblərdə şagirdlərin mobil telefon gətirməsinə Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən hər hansı qərar verilməyib. Şagirdlərin məktəblərə mobil vasitələrlə buraxılması nə dərəcədə düzgündür, buna necə nəzarət olunmalıdır? İstəsək də, istəməsək də, bu suala cavab vermək zorundayıq. Nə qədər tez cavab versək, məktəbin, müəllimin nüfuzunun zədələnməsinin qarşısını bir o qədər tez alarıq".

Nadir İsrafilov bildirib ki, beynəlxalq təhsil sisteminə inteqrasiya edirik, dünya təcrübəsinin müsbət nümunələrindən yararlanmağa çalışırıqsa, bu məsələdə də başqa ölkələrin təcrübəsindən yararlana bilərik:

"Dünyanın aparıcı ölkələrində belə bir təcrübə var ki, məktəblərin girişində telefonlar yığışdırılıb bir qutuya qoyulur, dərslər bitəndən sonra isə şagirdlərə qaytarılır. Bunun üçün xüsusi bir vəsaitin ayrılmasına belə ehtiyac yoxdur. Təkzibolunmaz faktdır ki, qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib. Bu kimi hallarla bağlı nə qədər müəllim, təhsil müəssisəsi rəhbəri müxtəlif xarakterli cəzalar alıb, dəyişən nə olub? Əksinə, vəziyyət bir qədər də gərginləşib, kütləvi xarakter alıb. Nə qədər ki, biz səbəb deyil, nəticə əsasında qərar verməyə üstünlük verəcəyik, cəmiyyətin qınaq obyektinə çevrilə biləcək vəziyyətlər bir o qədər qaçılmaz olacaq. Təhsil qanunvericiliyimizdə təhsilverənlə yanaşı təhsilalanın və onun valideyninin də məsuliyətinin nəzərə alınması ilə bağlı dəyişiklik edilməyəcəksə, müəllim-şagird münasibətlərində istənilən neqativ hala görə təkcə müəllim cəzalanacaq və təhsil prosesinin digər iştirakçıları cəzasız qalacaqsa, bu kimi hallar yenə də davam edəcək. Bir çox dünya ölkələrinin təcrübəsində olduğu kimi valideynin də məsuliyyəti barədə qanunvericilik hazırlanarsa, gələcək nəslin təlim-tərbiyəsində birgə məsuliyyət və cavabdehlik təmin olunar".

"Əgər valideyn övladının məktəbdə bilik əldə etməsini istəyirsə, ona diqqətini yayındıran alətlər alıb verməməlidir. Uşaqla əlaqə qurmaq üçün ona 3-5 min manat dəyərində olan çoxfunksiyalı bahalı telefon əvəzinə 60-80 manatlıq sadə telefon da almaq olar. Şagird məktəbə bilik əldə etmək üçün gəlir. Valideyn də buna mane olan addımlar atmamalıdır. Belə bir müdrik kəlam var: "Tərbiyə ailədən başlayır. Övladlarınıza puldan çox əxlaq verin", - Nadir İsrafilov vurğulayıb.

Xəbər lenti