Həyat ömrünün ən xoşbəxt, qayğısız günlərini yaşayırdı. Gələcəkdə onu hansı itkinin, ağrı-acının gözləyəcəyini təsəvvürünə belə gətirməzdi.
Həyatın anası vaxtsız şəkildə işıqlı dünyaya əlvida dedi. O, atası ilə bir qalırdı. Atası da anasının
ölümünə dözməyərək 8 ay sonra haqqın dərgahına qovuşdu. Həyat həyatda tək qaldı: anasız və atasız. Heç bir qohum-əqraba bu çarəsiz uşağa yaxın durmadı. Bir tək ana nənəsi ona sahib çıxdı. O da çox keçmədi. Qohumları narazılıq etdi. Bəhanə kimi misal çəkdilər ki, bəs o qız uşağıdır. Oğlan olsa, yenə bir təhər saxlamaq olardı... Beləcə bəxtsiz, talesiz körpə həyatın ümidinə qaldı. Sahib çıxana da imkan vermədilər.
Həyat uşaq evinə yerləşdirildi. Heç nə danışmır, yeyib-içmir, qısacası dərin sarsıntı içində idi. Həyat həyatının çətin, amansız anlarını yaşayırdı. Gecələr öz-özünə laylay çalır, səhərləri də ağlayaraq durardı. O, hər zaman tək və yalnız olduğunu hiss edirdi.
Yaşadığımız həyat hər kəsin arzularını həyata keçirməz. Bəziləri ömür boyu uşaq qalıb bəxtəvər olar, bəziləri də uşaq yaşdan dünyanın yükünü çiyinlərinə alıb zillət içində "yaşayar". Həyat da uşaqlığını yaşamadan böyüdü. Tək təsəllisi göz yaşlarında idi: ağlayar və bununla da rahatlıq tapardı.
Aradan uzun zaman keçmişdi. Həyat uşaq evindən ayrılmalı idi. O, həyat qazanında bişsə də, ancaq bundan sonrakı zaman ona heç də asan gəlmədi. Vəziyyəti günü gündən ağırlaşırdı. Gecəsini gündüzünə qatıb işləyir, həm də min çətinliklə oxuyurdu. Bəzən təhqirlər eşidir, adamların ədəbsiz davranışı ilə qarşılaşırdı. Bütün bunlara baxmayaraq göz yaşlarını daxilinə çəkərək, çox çətinlikləri dəf edərək irəliləyirdi. Öz həyatını qurmaq naminə gecə-gündüz səylə çalışırdı.
O, təhsilini başa vurdu. Sahəsi üzrə çalışdı. Özünə kiçik iş yeri də qurdu. Zamanla öz biznesini artırdı. Həyatının ən uğurlu dönəminə keçdi. Həyat çətin yolları keçərək öz ölkəsinin ən uğurlu iş qadına çevrildi. Zamanla uğuru dünyaya səs saldı. Biznesinin idarə edilməsi və xarici əlaqələrdə adını ən yüksək iş qadını olaraq tanıtdı. Həyatın hər şeyi
var idi – ailəsi, işi... Bunların hamsını acılı, əzablı yollardan keçərək qazandı. Bu həyat əziyyətlidir. Həyatın həyatı qədər. Və ümidlərlə doludur. Yetər ki, Həyat qədər güclü olaq. Ümidimizi həyatdan üzməyək.
Südabə Məmmədova
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi.