Oktyabrın 8-də VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Xurşidbanu Natəvan təqdimat zonasında “Təhsil” Nəşriyyat Poliqrafiya Müəssisəsinin, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və “Sultan” Cizgi filmi studiyasının tərəfdaşlığı ilə yazıçı Sevinc Nuruqızının “Pıçıltı” kitabının təqdimatı baş tutub.
Tehsil.biz xəbər verir ki, kitabın ideya müəllifi və naşiri Tural Axundov, rəyçisi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, redaktoru “Çinar-çap” nəşriyyatının direktoru Bəhram Orucludur.
Əvvəlcə Qarabağ uğrunda savaşda həyatlarını itirən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca “Sultan” Cizgi Filmi studiyasında çəkilmiş “Pıçıltı” cizgi filminin tanıtım roliki və 3 nomrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrının azyaşlı aktyorlarının ifasında səhnələşdirilmiş “Pıçıltı” kompazisiyası təqdim olunub.
Daha sonra tədbir çıxışlar ilə davam edib.
Təqdimat xatirə şəkillər çəkilməsi və Sevinc Nuruqızının kitablarını imzalaması ilə sona yetib.