Logo

"O, sözün bütün mənalarında əsl Azərbaycan ziyalısı, el ağsaqqalı idi" - Əjdər Ağayev haqqında

10.10.2022 12:00 361 baxış
IMG

Mən Əjdər müəllimlə 10 il bir yerdə işlədiyimə, 30 ildən artıq dostluq və yoldaşlıq etdiyimə baxmayaraq, bu şəxsiyyətin bir şair, nasir, publisist, jurnalist, tənqidçi, bəstəkar olduğunu hələ də özüm üçün tam aydınlaşdırmamışam. Bununla belə o bir pedaqoq ziyalı kimi mənə daha çox yaxın və əziz olub. Əjdər müəllim sözün bütün mənalarında əsil pedaqoq idi, psixoloq idi, bir sözlə mükəmməl alim idi. Hansı bir peşə sahibliyindən və  titullardan - Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor, Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri olmasından asılı olmayaraq, sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi.

Əjdər Ağayev haqqında əlavə nəsə deməyə elə də bir ehtiyac qalmır, çünki, bu ad və soyad özü hər sözü deyib. Onun haqqında hələ sağlığında müasirləri tərəfindən onlarla kitab yazılıb, yüzlərlə məqalə dərc olunub, hələ sağ ikən müəllimlər müəllimi adını qazanmış müəllim kimi dəyərləndirilib. Əjdər Ağayevin təkcə "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" mövzusundakı doktorluq işi, onun əsl pedaqoq alim olması üçün yetərli idi.

"Təlim prosesi: ənənə və müasirlik” ; "Məktəblərdə vətənə sədaqət tərbiyəsi” ; "Məktəblərdə vətəndaşlıq borcunun tərbiyə edilməsi” ; "Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında”;   "Vətəndaş olmağa borclusan” və onlarla digər kitabları, "Pedaqogika” dərs vəsaiti  onun böyük alim, ləyaqətli vətəndaş, yorulmaz tədqiqatçı olmasının bariz nümunəsidir.

Əjdər müəllim müxtəlif vaxtlarda Azərbaycan Təhsil Nazirliyi  nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini, dərslikləri qiymətləndirmə komissiyasının sədri, ümumtəhsil məktəbləri üçün baza tədris planları hazırlayan işçi qrupunun rəhbəri, "Təhsil haqqında” Qanunu, təhsil islahat proqramını və fasiləsiz təhsil konsepsiyasını hazırlayan işçi qrupunun üzvü, Təhsil Cəmiyyətinin sədr müavini, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəyasət heyətinin üzvü, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Təhsil şurasının sədri, "Təhsil və zaman” qəzetinin baş redaktoru kimi ictimai işləri yerinə yetirmişdir.

Əjdər müəllimlə ilk tanışlığım "Azərbaycan məktəbi” jurnalının redaksiyasında, son görüşüm isə Bakı Mühəndislik Universitetində keçirilən 80 illik  yubileyində olub. 8 il Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunda çiyin-çiyinə çalışmış, onlarla tədbirlərdə və rəsmi səfərlərdə birgə iştirak etmişik. Onun "Ənənə və müasirliyin vəhdəti təlimin keyfiyyətini yüksəldən vasitə kimi" formulu bu gün də təhsilimizin əsas formullarından biri kimi qəbul edilir.

”Mirzə Fətəli Axundzadə nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir Hacıbəyli musiqidə kim idisə akademik Mehdi Mehdizadə də təhsilimizdə o idi." Onun bu sözləri  şəxsiyyətə nə qədər böyük önəm verməsinin sübutu idi. O, "Müəllim himnini” yazması ilə müəllimliyə nə qədər önəm verdiyini sübut etdi. Həmin himn ilk dəfə 1989-ci ildə Azərbaycan müəllimlərinin  qurultayında Respublika sarayında Birləşmış Müəllim Xorunun ifasında səslənmişdir.

1998-ci il, Azərbaycan müəllimlərinin XI qurultayında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş Təhsil Şurası məhz mərhum pedaqoq Əjdər Ağayevin rəhbərliyi ilə fəaliyyətə başlayıb. Azərbaycan təhsilinin, məktəb problemlərinin həllində yaxından iştirakının təmin edilməsi üçün ölkənin  görkəmli elm və təhsil xadimlərinin, xüsusilə də qabaqcıl  müəllimlərinin bir araya gətirilməsi, fəaliyyətlərinin öyrənilməsi və təbliği kimi məsələlər Təhsil Şurasının işində mühüm yer tutmaqla yanaşı,onu nüfuzlu Qeyri hökumət statuslu bir təşkilata çevirib.

Əjdər müəllim əsil təhsil təəsübkeşi idi. Təhsilimizin elə bir problemi yox idi ki, o buna münasibət bildirməsin və ya onun münasibətini öyrənməsinlər. “Uşağı oxuyub-yaza bilməyərək 9-11- ci sinfə kimi gəlib çatması saxtakarlıq və ləyaqətsizlikdir. Saxta məhsul hazırladığına görə şəxsləri cinayət məsuliyyətinə cəlb etmək mümkün olduğu kimi, təhsil qanununa əsasən, məktəbin məhsuluna görə məktəbdə işləyən təhsil işçiləri də məsuliyyət daşıyır.”

İmtahanların qiyməti dövlətin tənzimlədiyi xidmətlər siyahısına daxil edilməsi,  bu qiyməti isə Tarif Şurası müəyyənləşdirməsi barədə rəsmi fikirlər səsləndirilərkən, Əjdər müəllim buna dərhal reaksiya vermiş, öz barışmaz mövqeyini bildirmişdi: “Bu nə böyük problemdir ki, bunu Tarif Şurasına verirlər, qiymət qoyurlar. Mənə elə gəlir ki, abuturiyentlərin qəbulları ödənişsiz olmalıdır. Abuturiyent ilk dəfə imtahana pulla başlayarsa, sonra ali məktəbə nifrət etməyə baçlayacaq axı...”

Azərbaycan milli pedaqogikasında xüsusi yeri olan Əjdər müəllimin bir sözü vardı: "Bəzən deyirlər ki, xaricdə belədir-elədir... Ümumiyyətlə millətə, xalqa xas olan yaxşı təcrübəni xariclə müqayisə etməzlər. Xarici təcrübə nə olursa-olsun onu nümunə götürmək, surətini çıxarıb əks etdirməyə ehtiyac yoxdur.” Bu kimi saysız-hesabsız misalların sayını kifayət qədər artırmaq da olar.

Onun müasiri, uzun illər maarifimizə rəhbərlik etmiş Mehdi müəllim haqqında dediyi ”Mirzə Fətəli Axundzadə nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir Hacıbəyli musiqidə kim idisə akademik Mehdi Mehdizadə də təhsilimizdə o idi“ sözləri çoxdandır ki, aforizmə çevrilib.

"Taleyimdə nəyim varsa bəsimdi...” əqidəsi ilə həyata göz yuman böyük pedaqoq, ləyaqətli insan, şərəfli həyat yolu keçmiş, sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı Əjdər Ağayevin əziz xatirəsi daim onu tanıyanların və gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır.

Nadir İsrafilov
Ümumtəhsil məsələləri üzrə mütəxəssis

Xəbər lenti