Logo

DİM bu imtahanın nəticələrini elan etdi

10.10.2022 16:17 377 baxış
IMG

Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün imtahanın sentyabrın 25-də keçirilən I mərhələsinin nəticələri elan olunub.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan iştirakçıları DİM-in internet saytında nəticələri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 704 nəfər iştirak edib.

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 12 oktyabr saat 10:00–dan 16 oktyabr saat 17:00–dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Xəbər lenti