Logo

Azərbaycan Milli Xalça Muzeyinə “Humay” Milli Mükafatı təqdim olunub - FOTO

10.10.2022 16:33 338 baxış
IMG

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının builki qalibləri məlum olub.

Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən verilən mükafata zəngin, genişmiqyaslı fəaliyyəti, uğurları, ölkəmizin mədəni həyatında oynadığı önəmli rolu nəzərə alınaraq, Azərbaycan Milli Xalça Muzeyi də layiq görülüb.

Azərbaycan Milli Xalça Muzeyi davamlı şəkildə kolleksiyalarını nadir sənət inciləri ilə zənginləşdirir, ekspozisiyasını yeniləyir. Xalçaçılıq sənətinin inkişafı, qədim xalçatoxuma texnikalarının dirçəldilməsi, onların əsasında ümumbəşəri əhəmiyyətli əsərlərin yaradılması istiqamətində yeni-yeni layihələr reallaşdırır. Milli mədəni irsimizi qoruyub saxlayan muzey xarici ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirir və beynəlxalq aləmdə öz nüfuzunu ilbəil artırır. Ölkəmizdə və xaricdə saysız-hesabsız sərgilər, tədbirlər təşkil edir, həmçinin elmi müzakirələr, beynəlxalq elmi-praktik konfranslar, simpoziumlar keçirir. Fəaliyyətinin bütün istiqamətlərində hər yaş qrupuna aid insanları, o cümlədən ölkəmizin ilk inklüziv muzeyi kimi fiziki məhdudiyyətli şəxsləri daim diqqətdə saxlayır.

Görülən bu və digər işlərin nəticəsidir ki, Azərbaycan Milli Xalça Muzeyi “Avropanın ən yaxşı muzeyi-2018” müsabiqəsində “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatına, ardıcıl olaraq, bir neçə il “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülüb, həmçinin ölkəmizin ən çox ziyarət edilən muzeyi olub.

Bu gün “Humay” milli mükafatına layiq görülməsi də muzeyin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.

Qeyd edək ki, “Humay” milli mükafatının rəmzi olan “Humay” ilahəsi muzeyin direktoru Şirin Məlikovaya təqdim olunub.

Xəbər lenti