Ötən gün vəfat edən Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Azərbaycana gətiriləcək.
"Tehsil.biz"in xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat verib.
“Bəstəkarın Honkonqda yaşayan qızı Canana xanımla əlaqə saxladıq və Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün lazım olan köməyi göstərməyə hazır olduğumuzu bildirdik. Mərhumun qızı bildirdi ki, bütün prosedurlar mərhələli şəkildə həyata keçirilir və bir-iki günə yola çıxmağı düşünürük. Canana xanım Diaspor Komitəsinə minnətdarlıq etdi və heç bir köməyə ehtiyac olmadığını bildirdi. Bəstəkarın qızı əlavə etdi ki, belə çətin zamanda Komitənin vaxt itirmədən bizi axtarmasına sevindik, inanırıq ki, hər hansı çətinlikdə Azərbaycandan bizə arxa duran təşkilat və insanlar var", - V.Vahidqızı bildirib.