Fevralın 15-dən etibarən uşaq bağçalarının fəaliyyəti bərpa edilir. Ölkədə epidemioloji vəziyyət hökm sürdüyündən bununla bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində 343 bağça var, həmin bağçalardan 330-ü fəaliyyətə başlayacaq. Geridə qalan 13 bağça isə müvafiq yenidənqurma tədbirləri səbəbindən fəaliyyət göstərməyəcək.
Fəaliyyət göstərəcək olan bütün bağçalarda isə dezinfeksiya işləri aparılıb. Tərbiyəçilər və texniki işçilər bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər.Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar.
Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaqdır.
Paytaxtın uşaq bağçalarında sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcəkdir.
Qeyd edək ki,bağçalara uşaq qəbulu isə hazırda dayandırılıb.