Logo

65-ci Monterey Caz Festivalında ilk dəfə Azərbaycan musiqisi təqdim edilib - FOTO

10.10.2022 18:38 365 baxış
IMG

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində keçirilən 65-ci Monterey Caz Festivalında (Monterey Jazz Festival 65 – MJ65) ilk dəfə Azərbaycan təmsil olunub.

Tehsil.biz xəbər verir ki, festivalın bədii rəhbəri Tim Ceksonun dəvəti ilə bu mədəniyyət tədbirində azərbaycanlı cazmen, pianoçu, bəstəkar, Azərbaycanın əməkdar artisti Emil Əfrasiyabın rəhbərlik etdiyi “Emil Əfrasiyab triosu” iştirak edib.

"Monterey County Fairgrounds" sərgi meydanında baş tutan konsert zamanı Emil Əfrasiyab zəngin Azərbaycan musiqisi ilə yanaşı, öz bəstələrini, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə həsr etdiyi “Ataya məktub” əsərini ifa edib. Əsərin ifasından öncə musiqiçimizin müraciəti əsasında tamaşaçılar şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Konsertin sonunda soydaşımız səhnədə üçrəngli Azərbaycan bayrağını nümayiş etdirib.

Tamaşaçılar azərbaycanlı cazmenin virtuoz ifasını heyranlıqla və alqışlarla qarşılayıblar.

Emil Əfrasiyab bildirib ki, festival yarandığı tarixdən indiyədək nəinki Azərbaycan, eləcə də Qafqaz regionundan bu festivalda iştirak edən olmayıb: “Bu birinciliyə layiq görülmək, ən önəmlisi isə Azərbaycan bayrağını və musiqisini orada tanıtmaq böyük məsuliyyət və şərəfdir. Ölkəmizin mədəniyyətini, musiqisini təblığ etmək, onu hər yerdə tanıtmaq və layiqincə təmsil etmək mənim Vətən borcum və vəzifəmdir”.

Hazırda Boston şəhərində yaşayan bəstəkar festivalda iştirakına göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.

Qeyd edək ki, hər il sentyabrın sonunda Monterey şəhərində caz festivalı keçirilir. Bu festivalda indiyədək Maylz Devis, Herbi Honkok, Deyv Brubek, Corc Dyuk, Dizzi Qillespi, Dyuk Ellinqton, Corc Benson kimi əfsanəvi caz musiqiçiləri və bəstəkarları çıxış ediblər.

Xəbər lenti