Logo

Şəkidə 75 il əvvəl tikilən məktəb qəzalı vəziyyətə düşüb - FOTOLAR

11.10.2022 13:23 484 baxış
IMG

Şəki şəhər 18 saylı tam orta məktəbin binası qəzalı vəziyyətə düşüb.

Bu barədə "Report"un yerli bürosuna məktəbin direktoru Məmməd Mahmudov məlumat verib.

M.Mahmudov bildirib ki, ötən əsrin ortalarında ilk öncə hospital kimi inşa edilən bu binada indi 700-ə yaxın şagird təhsil alır:

"Uzun müddət istismar olunduğundan artıq məktəb qəzalı vəziyyətə düşüb və bu vaxta qədər bir dəfə də olsun təmir olunmayıb. Uçuq-sökük divarlar, sınıq döşəmə və qırıq partalar məktəblilərə və müəllimlərə çətin anlar yaşadır. Məktəbə övladlarını əmanət edən valideynlər buradakı təhsildən razı olsalar da, şəraitdən çox narazıdırlar".

Direktorun sözlərinə görə, hər il məktəbdə təhsil almaq üçün xeyli şagird müraciət edir. Ancaq şəraitsizlik səbəbindən şagirdlərin qəbulu baş tutmur:

"Məktəbin şagirdləri hər zaman Şəki məktəbləri arasında yüksək nəticələr göstəriblər. Bu il isə məktəbin 11 A və 11 B siniflərinin bütün şagirdləri ali məktəblərə qəbul olublar. Belə şəraitsiz, çox köhnə olan məktəbdə bu uğurlar həqiqətən də təqdirəlayiqdir".

Məktəbin vəziyyəti ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mahal Məmmədov "Report"un yerli bürosuna bildirib ki, məktəbin tikintisi üçün artıq layihə-smeta sənədi hazırlanıb: "Artıq bu tədris ilindən başlayaraq məktəbin tikintisinə start veriləcək. Bundan başqa, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı işlər davam etdirilir. İdarənin tabeliyində olan 13 məktəb yenidən tikilib, 39 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilir".

Xəbər lenti