Logo

BDU-da “Biologiyada elmi nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

11.10.2022 17:50 442 baxış
IMG

Oktyabrın 13-14-də Bakı Dövlət Universiteti (BDU), ICESCO, İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə) və Lahore Universitetinin (Pakistan) birgə təşkilatçılığı ilə akademik Mirəli Axundovun anadan olmasının 120 illiyinə həsr edil’n “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda 11-ci beynəlxalq konfrans keçiriləcək.

Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, konfrans müasir biologiyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıları bir araya gətirməklə əldə edilmiş ən mühüm nəticələri müzakirə etməyə, yeni prioritet istiqamətləri müəyyənləşdirməyə imkan verəcək, təhsil və elmi tədqiqatların əlaqələndirilməsinə, bu sahədəki bilik və bacarıqların optimallaşdırılmasına, habelə elmi əlaqələrin genişləndirilməsinə xidmət edəcək.

On doqquz ölkədən (Türkiyə, Fransa, İspaniya, Koreya, Serbiya, Bolqarıstan, Pakistan, Mərakeş, Hindistan, Belarus, Polşa, İran, Nigeriya, Özbəkistan, Rusiya, Argentina, Braziliya, Qazaxıstan, Gürcüstan), respublikamızın bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçiriləcək konfransda genetika, molekulyar biologiya, mikrobiologiya, biofizika, biokimya, fiziologiya, nanobiotexnologiya, botanika, flora müxtəlifliyinin mühafizəsi, zoologiya və akvakulturalar, canlı sistemlərin ekologiyası kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Konfransda müxtəlif ölkələrdən olan dəvətli məruzəçilərin müvafiq sahələrin problemləri və alınmış ən son nəticələr üzrə çıxışları gözlənilir.

Xəbər lenti