11 oktyabr-Beynəlxalq Qızlar Günü münasibətilə “Dünya qızların gözü ilə” adlı hakaton müsabiqəsinin final mərhələsi keçirilib.
Tehsil.biz xəbər verir ki, final mərhələsində elm və təhsil naziri Emin Əmrullayev, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens (Alex Heikens), UNİCEF Azərbaycanın Təhsil proqramının rəhbəri Leyla Həsənova və STEAM layihəsinin rəhbəri İqrar Nəzərov iştirak edib.
Final mərhələsinə 3 mükafatçı komanda olmaqla ümumilikdə 29 iştirakçı qatılıb. Üç münsif tərəfindən aparılan qiymətləndirmə nəticəsinə uyğun olaraq I, II, və III yerlər üzrə qaliblər müəyyənləşdirilib.
Sonda qaliblərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi ilə UNICEF arasında imzalanan 2021-2025-ci illər üzrə Ölkə Proqramından irəli gələn İllik Fəaliyyət Planına əsasən UNICEF və STEAM Azərbaycan layihəsinin əməkdaşlığı çərçivəsində "Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək" proqramının tətbiqinə start verilib.
Bərdə, Lənkəran, Tovuz, Şirvan, Sabirabad olmaqla ölkənin 5 bölgəsində həyata keçirilən proqramın əsas məqsədi qadın müəllimlər və qız şagirdlərdə STEAM təhsili, həmçinin rəqəmsal bacarıqların inkişaf etdirilməsi, onların gələcəkdə bacarıqlı mütəxəssis kimi yetişməklərində töhfə verilməsidir.
Layihə çərçivəsində qeyd olunan bölgələrdən seçilən 10 qadın müəllim 5, 6,7, 8-ci siniflərdə təhsil alan 124 qız şagird qeyd olunan bölgələr üzrə STEAM Mərkəzlərində mexatronika, 3D çap və modelləşdirmə, mühəndislik, TinkerCAD, Micro:bit moddulları üzrə təlimlərə cəlb olunub. Bununla yanaşı təlimlərdə iştirak edən qız şagirdlər STEAM layihəsinin təşkilatçılığı ilə təşkil olunmuş hakaton müsabiqəsinə çəlb olunub.