"Son günlər bəzi sosial şəbəkələrdə Cəlilabad rayonu Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəblə bağlı tədrisin təşkil edilməsi zamanı nöqsanlara yol verildiyi, müəllim və şagirdlərin dərs məşğələlərində iştirak etmədiyi, məktəb rəhbərliyinin tənqid olunması və s. barədə məlumatlar yer alıb".
Tehsil.biz xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, adıçəkilən məktəbdə direktor səlahiyyətlərinin icrası 14 sentyabr 2022-ci il tarixdən müvəqqəti olaraq Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşı Vidadi Dövlətova həvalə edilib:
"Məsələni araşdırmaq məqsədi ilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən 11 oktyabr 2022-ci il tarixdə məktəbdə monitorinq aparılıb. Monitorinq zamanı məktəbdə dərs-məşğələ cədvəllərinin hazır olduğu, müəllim və şagirdlərin cədvəl üzrə dərslərdə iştirak etdiyi, həmçinin məktəbin texniki işçi heyətinin iş yerində olduğu, məktəbdə abadlıq-bərpa işlərinin aparıldığı, bununla da sosial şəbəkələrdə yerləşdirilmiş bir çox məlumatların reallığı əks etdirmədiyi və ictimaiyyət arasında çaşqınlıq yaratmağa xidmət etdiyi müəyyən edilib".
İdarənin məlumatında həmçinin bildirilib ki, monitorinq zamanı rus bölməsində riyaziyyat fənni üzrə ixtisaslı kadra, həmçinin bəzi siniflərdə dərsliklərə olan ehtiyaclar müəyyən edilib:
"Məktəbin bəzi fənlər üzrə müəllim ehtiyacı təmin edilib, dərslik çatışmazlığı ilə bağlı olan məsələlərin qısa vaxt ərzində aradan qaldırılması istiqamətində işlər aparılmaqdadır. Şagirdlərin dərs davamiyyəti ilə bağlı aşkarlanmış neqativ faktlarla bağlı müvafiq tapşırıqlar verilib.
Bundan əlavə məktəbin qış mövsümünə hazırlığı ilə bağlı olan ehtiyacları müəyyən edilərək, lazımi tədbirlər həyata keçirilib. Müəllim və texniki işçi heyəti ilə aparılan söhbətlər zamanı məktəb rəhbərliyindən razı qaldıqlarını və məktədə normal iş mühütünün yaradıldığını bildiriblər".
"Eyni zamanda xatırlatmaq istəyirik ki, kollektivdə şəxsi zəmində baş vermiş problemləri fərqli məzmunda sosial şəbəkələrdə ictimailəşdirmək pedaqoji heyətin peşəkar fəaliyyətinə və müəllimin etik davranış qaydaları ilə bağlı hüquqi normativlərə ziddir", - deyə açıqlamada qeyd olunub.