Logo

ATMU ilə “PMD Hospitality” MMC arasında anlaşma memorandumu imzalanıb

13.10.2022 17:03 688 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə “PMD Hospitality” MMC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu barədə "Tehsil.biz"ə ATMU-dan məlumat verilib.

Bildirilib ki, sənədi ATMU-nun rektoru İlham Mədətov və “PMD Hospitality” MMC-nin İdarə Heyətinin sədri Kəmalə Əzizova imzalayıblar.

İlham Mədətov memorandumun turizm və qonaqpərvərlik sahəsində geniş istiqamətləri əhatə edəcəyini söyləyib, peşəkar mütəxəssislərin yetişdirilməsində universitet-sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Kəmalə Əzizova memorandumun hər iki qurum üçün faydalı olacağına əminliyini bildirib, ATMU məzunlarından 18 nəfərinin “PMD Hospitality” MMC-nin müxtəlif qurumlarında uğurlu fəaliyyətindən söz açıb.

Memorandumda ATMU tələbələrinin “PMD Hospitality” MMC-də könüllü və istehsalat təcrübəsi üzrə müxtəlif proqramlarda iştirakı, tələbə və məzunlar üçün iş imkanlarının yaradılması, universitetdə təşkil olunan müxtəlif tədbirlərə MMC-nin əməkdaşlarının dəvət olunması, layihə və tədqiqatların həyata keçirilməsində birgə iştirak, konfransların, təlimlərin, ustad dərslərinin, seminarların təşkili, ictimai əhəmiyyət kəsb edən təşəbbüslərin dəstəklənməsi və digər məsələlər əksini tapıb.

Xəbər lenti