Bu gün mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Səfir, Daimi Müşahidəçi, Cenevrə Birləşmiş Millətlər Təşkilatı yanında Sülh Universitetinin (UPEACE) və Parisdə UNESСO yanında Sülh Universiteninin (UPEACE) daimi nümayəndəsi David Fernandez Puyana ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, görüşdə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələr, beynəlxalq əməkdaşlıq məsələləri barədə qonağa məlumat verilib.
Elnur Əliyev həmçinin Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş Bakı Prosesi haqqında danışıb. Prosesin tərkib hissəsi olan “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün Mədəniyyət Nazirliyi tərəfindən irəli sürüldüyünü qeyd edib. Qlobal təşəbbüs çərçivəsində Azərbaycanın daim sülhü təbliğ etdiyi, dövlətimizin bölgədə əmin-amanlığa nail olmaq yolunda faydalı addımlar atmağa hazır olduğu vurğulanıb.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda baş tutmuş Nizami Gəncəvi Beynəlxalq Forumundan bəhs olunub. E. Əliyev dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirən bu forumun şairin insanları mərhəmətə, millətləri sülhün, ədalətin və harmoniyanın ümumbəşəri səltənətinin qurulmasının təbliğinə səsləyən poetik mirasının təbliğinə həsr olunduğunu deyib. Bu beynəlxalq layihənin sülh və əminamanlıq naminə əvəzsiz töfhəsindən bəhs edib.
David Fernandez Puyan xüsusi vurğulayıb ki, Azərbaycan zəngin mədəniyyətə sahib ölkədir. O, həmçinin dövlətimizin illər boyu Mədəniyyətlərarası Dialoqun inkişafında gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib.
Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.