Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 18 ildə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Hal-hazırda erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir.
Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edidi. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı.
Bu döyüşlərdə Ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq ölkəmizdə “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25167 hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri gedir. Əminik ki, Füzuli rayonu da ən qısa müddətdə bərpa ediləcək və öz sakinləri ilə firavan günlərinə qovuşacaqdır.
Eldar Aslanov
ADPU tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent