Bakının 285 nömrəli məktəbinin keçmiş direktoru Səfurə Rəhimova 272 nömrəli məktəbə təyinat alandan sonra əvvəlki təhsil ocağının bir çox avadanlığını da özü ilə aparıb.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılıb.
Məlumata görə, direktor S.Rəhimova müəllimlərdən məcburi şəkildə yığılan pullarla məktəbə quraşdırılan kamera sistemi, qonaqların qarşılanması üçün alınan qab-qacaq dəstlərini də özü ilə aparıb.
Bundan başqa, məktəbin istilik sisteminin əsas avadanlıqlarının yoxa çıxması da iddia olunur.
Məsələ ilə bağlı adıçəkilən direktor Səfurə Rəhimovanın "Tehsil.biz" əməkdaşının "haqqınızda yazılanlarla bağlı nə deyə bilərsiniz?" sualına cavabı isə "tanımadığım insana heç nə" olub:
"Savadlı insanlar yazılanlardan özü nəticə çıxarır. 1 aydan artıqdır, məktəbdən gedən direktor orada kimin nə etdiyinə cavab verə bilməz. Məktəbə dair inventarların təhvil-təslimi olub. Mən kollektivlə görüşüb sağollaşmışam. Bir aydan sonra hansısa narazı müəllimin uydurmaları məni ilgiləndirmir. Yazını yazan və yazdıranlar da. Yalan ayaq tutur yerimir!"