Oktyabrın 14-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2022/2023-cü tədris ili üçün bu ali təhsil müəssisəsinin magistraturasına qəbul olmuş birinci kurs magistrantlarla görüşüb.
Tehsil.biz xəbər verir ki, görüş ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Magistrant adını qazanmaları münasibətilə gəncləri təbrik edən rektor Ş.Bayramov MDU-nu seçdiklərinə görə onlara təşəkkürünü bildirib. Magistratura təhsili müddətində gəncləri maraqlı universitet həyatı gözlədiyini diqqətə çatdıran rektor onların bilik və bacarıqlarını davamlı artırmaları üçün MDU-da bütün imkanların yaradılacağına əminliyini ifadə edib.
Nəzəri təlimlər, peşəkar və pedaqoji hazırlıqla yanaşı magistratura səviyyəsində təhsilin məzmununda elmi tədqiqat işlərinin də mühüm yer tutduğunu vurğulayan Ş.Bayramov gəncləri universitetin elmi tədbirlərində fəal olmağa çağırıb. Elmi tədqiqat mövzularını seçərkən Azərbaycanın müasir inkişaf trendlərini və doğma Qarabağımızda aparılan genişmiqyaslı quruculuq fəaliyyətinin prioritetlərini nəzərə almağın vacibliyini qeyd edən rektor magistrantlara innovativ düşüncələrini və potensiallarını əsasən bu istiqamətdə cəmləşdirməyi tövsiyə edib və onlara uğurlar arzulayıb.
Magistrantlar səmimi görüşə və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, 2022/2023-cü tədris ilində MDU-ya bakalavriat səviyyəsi üzrə 1100-dən çox tələbə, magistratura səviyyəsi üzrə isə 70-ə yaxın magistrant qəbul olub. Ənənəvi olaraq, hər tədris ilinin başlanğıcında universitet rəhbərliyinin yeni qəbul olan tələbə və magistrantlarla görüşləri təşkil edilir.